>
Haqqımızda Əlaqə

Azərbaycan Ağsaqqallar Şurası bəyanat verdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının

BƏYANATI

 

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizlə yanaşı yaşayış məntəqələrimizi müxtəlif növ silah və artilleriya qurğularından atəşə tutaraq törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatları aparmağa başlamışdır. İşğal altında olan torpaqlarımızı azad etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək kimi müqəddəs vəzifəni yerinə yetirmək üçün əməliyyatlara başlayan Silahlı Qüvvələrimiz qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirmiş, böyük miqdarda döyüş texnikasını sıradan çıxarmış, çoxsaylı canlı qüvvəsini məhv etmiş və yaralamışdır. Rəşadətli ordumuz Cəbrayıl ilə yanaşı 10-a yaxın kəndini, Tərtər, Ağdərə və Füzuli rayonlarının bir neçə yaşayış məntəqəsini mənfur düşmənlərdən təmizləmiş, Suqovuşan, Murovdağ və bir sıra çox vacib strateji yüksəklikləri ələ keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun hərbi qüdrətinin artırılması, döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatının möhkəmləndirliməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz əldə etdiyi uğurlarla Azərbaycan tarixinin şanlı səhifələrini yazır, xalqımıza qürur dolu anlar yaşadır.

2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində üzləşdiyi sarsıdıcı zərbələrdən nəticə çıxarmayaraq təxribatlar törətməkdə davam edən və Azərbaycan Ordusu qarşısında aciz duruma düşən, müqavimət göstərmək iqtidarında olmayan erməni hərbçiləri öz həmişəki xain xislətlərinə sadiq qalaraq yenə hərbi cinayətlərə əl atır, itkilərinin əvəzini cəbhə xəttindən kənar yaşayış məntəqələrini artilleriya qurğularından və digər ağır silahlardan istifadə etməklə çıxmağa çalışır, dinc əhalini atəşə tutur, yaşayış binalarını və mülki obyektləri dağıdırlar. Hərbi münaqişəyə digər dövlətləri cəlb etməyə çalışaraq döyüş bölgəsindən kifayət qədər kənarda olan Gəncə və Mingəçevir şəhərlərinə, Abşeron rayonu ərazisinə raket zərbələri endirən Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı qanlı cinayətlər törədərək beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmaqdan çəkinmirlər.

Müharibənin qan-qadasız, itkisiz başa gəlməyən hadisə olduğunu anlayışla qarşılasaq da, düşmənin təxribatları nəticəsində hərbçilərimiz və mülki əhalimiz arasında həyatını itirən və yaralılarımızın olması bütün xalqımız kimi ağsaqqalları da son dərəcə üzür. Biz qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq.

Dağlıq Qarabağ münaqişənin dinc yolla həll olunması üçün Azərbaycan Respublikası rəhbərliyinin verdiyi şansdan istifadə etməyən, təxribatçı bəyanatları ilə sülh danışıqlarından yayınaraq status-kvonu saxlamağa cəhd edən Ermənistanın “ağlını başına yığmağa” məcbur etmək missiyası Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun üzərinə düşmüşdür. Əminik ki, onlar bu missiyanı şərəflə yerinə yetirməklə xalqımızı 30 illik arzusuna qovuşduracaq, münaqişənin ədalətli həllinə nail olaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasını təmin edəcəkdir.

Bu şərəfli və məsuliyyətli günlərdə hamımız işğal altındakı torpaqlarımızın azad olunması, müstəqil dövlətçiliyimizin qorunması və daha da inkişaf etdirilməsi naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Bu çətin dönəmdə biz ağsaqqallar gənclik enerjisi ilə fəaliyyət göstərməli, Vətənimiz uğrundakı bu ölüm-dirim mübarizəsində hərəmiz öz mövqeyimizdə daha əzmlə çalışmalıyıq. Azərbaycanın şanlı tarixi boyu ən məsuliyyətli məqamlarda hər zaman xalqın önündə olmuş respublika ağsaqqalları torpaqlarımızın azad olunması uğrunda başlanmış bu müharibədə də yüksək döyüş ruhu ilə dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanındadırlar. Biz bu məsul günlərdə bütün xalqımızı milli həmrəylik göstərməyə, hər bir sahədə düşmənə layiqli cavab verməyə çağırırıq.

Bu gün Azərbaycan əsgərinin rəşadəti bizi o qədər rulandırıb ki, Respublika Ağsaqqallar Şurasının hər bir üzvü yaşından asılı olmayaraq gənclərlə yanaşı döyüşə atılmağa, üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bu günlərdə hamımızın qəlbi ölkə başçısının irəli sürdüyü “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə döyünür. Qələbə bizimlədir, çünki bizim işimiz haqq işidir, biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşuruq! Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında qüdrətli ordumuz işğal altındakı bütün torpaqlarımızı tezliklə azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin edəcək və şanlı bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaqdır!

Allah şanlı Ordumuzu və Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun!

 

 

 

     Azərbaycan Ağsaqqallar Şurasının sədri,                        

     millət vəkili                                                                             Eldar QULİYEV

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR