>
Haqqımızda Əlaqə

“Mehriban Əliyevanın müraciəti, xalqı yumruq kimi birləşməyə çağırışdır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Mehriban Əliyeva milli hissləri, vətənpərvərlik duyğuları və xalqa hədsiz sevgisi ilə seçilən ləyaqətli, xeyirxah Azərbaycan xanımıdır. Onun bügünkü müraciəti, açığını deyim ki, məni çox təsirləndirdi. Həmin müraciətdə elə ifadələr var ki, Mehriban xanımın Azərbaycana və xalqımıza nə qədər böyük məhəbbət bəslədiyini açıq şəkildə nümayiş etdirir. Müraciəti oxuyarkən onun son günlər Ermənistanla sərhədimizin Tovuz istiqamətində yaşanan gərginliyə görə nə qədər narahatlıq keçirdiyini, qəhrəman qardaşlarımızın şəhid olmasına görə dərin üzüntü yaşadığını, eyni zamanda, qüdrətli Ordumuzun düşmənə sarsıdıcı zərbə endirməsindən fəxarət duyğuları yaşadığını hiss etməmək mümkün deyil. Müraciətin sonundakı imzaya diqqət edin: “Sevgilərlə, Sizin Mehriban”. Ancaq doğma və əziz adamlar belə imza qoyarlar. Doğrudan da xalqımız Mehriban Əliyeva şəxsiyyətinə böyük dəyər verir, onu özününkü – doğması bilir”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban Əliyevanın bu gün xalqa ünvanladığı müraciətdən danışarkən deyib.

R.Əhmədov qeyd edib ki, Mehriban Əliyevanın müraciəti əslində düşmənlə informasiya savaşında hər bir vətəndaşın, sosial şəbəkə istifadəçisinin ayıq-sayıq olmağa, dövlətin atdığı addımlara uyğun davranış nümunələri sərgiləməyə, təxribatlara, dövlətimizə qarşı qərəzli mövqedə olanların çaşqınlıq yaradan məkirli paylaşımlarının təsiri altına düşməməyə çağırışdır: “Düşmən hər tərəfdən üstümüzə gəlməyə, təxribatlar törətməyə çalışır. Bir tərəfdən də Azərbaycana qənim kəsilmiş xainlər Avropa ölkələrindən yayımladıqları verilişlərdə öləkəmizə qarşı əks-təbliğat aparır, yalan, uydurma xəbərlərlə cəmiyyətdə hökm sürən birlik, həmrəylik ruhuna xələl yetirməyə çalışırlar. Onların əsas missiyası Azərbaycan dövlətinin həyata keçirdiyi hərbi, iqtisadi və sosial siyasəti gözdən salmaq, xalq arasında təşviş yaratmaq və ölkə daxilində dövlətə qarşı inamsızlıq mühiti yaratmaqdır. Bütün bu cəhdlərə qarşı bizim ən güclü silahımız birliyimizdir. Düşmənləri, vətən xainlərini, onları yemləyən xarici dairələri narahat edən də elə budur. Birinci vitse-prezidentimizin müraciətində birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirmək, Dövlətimizin ətrafında orduya çevrilmək çağırışı var. Mehriban xanım bizi – hər bir Azərbaycan vətəndaşını indiki ağır və həssas məqamda məsuliyyəti artırmağa, sosial şəbəkələrdə paylaşımlar edərkən, adi bir internet istifadəçisi kimi deyil, əsgər kimi davranmağa çağırır. Həqiqətən də bu gün biz heç vaxt olmadığımız qədər diqqətli və ehtiyatlı olmalı, imkan verməməliyik ki, düşmən informasiya savaşında istifadə etdiyi təxribatlarla bizim yolumuzdan yayındırmağa müvəffəq olsun.

Sosial şəbəkə istifadəçilərimizin hər biri özünü cəbhədə hiss etməli, öz səhifəsini, profilini səngər bilməlidir. Hamımız bir hədəfə vurmalı, bir məqsəd üçün çalışımalıyıq. Bizə ancaq bir şey lazımdır və onu da hörmətli Mehriban xanım öz müraciətində qeyd edib: “Bizə zəfər lazımdır”. Odur ki, vətəndaşlarımız, xüsusən gənclərimiz sosial şəbəkələrdə saxta xəbərlərin ayaq açmasına imkan verməməli, Ordumuza, Dövlətimizə qarşı yönəlmiş cəhdlərin dərhal qarşısını almalıdırlar. Ancaq bu yolla biz Zəfər gününü daha da yaxınlaşdıra bilərik”.

Sonda R.Əhmədov onu da qeyd edib ki, Mehriban Əliyeva öz müraciətini həm də xalqımıza böyük inam ruhu ilə qələmə alıb: “Müraciətdə həm də güvən, xalqa əminlik hissləri var. Mehriban xanım bilir ki, bu xalqın öz Dövlətini, Torpağını, Ordusunu və Prezidentini qoruyacaq qədər qətiyyəti var. İnanıram ki, Prezidentimizin, Ali Baş Komandanımızın ən yaxın silahdaşının müraciəti yolumuzu daha da aydınladacaq, insanlarımız bir yumruq kimi birləşərək düşmən həmləri qarşısında möhkəm sipər çəkəcəklər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR