>
Haqqımızda Əlaqə

Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində Azərbaycanın iqtisadi gücündən, pandemiyanın iqtisadiyyatımızda yaratdığı geriləmələrdən və son 6 ay ərzində qeyri-neft sektorunda artımdan danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb.

Prezidentdən sitat: “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və pandemiya bizim ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə etdi. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı”.

Azərbaycanda iqtisadiyyatında geriləmələrə dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşaması ilə yanaşı ölkənin daxilində əhalinin sağlamlığının qorunması məqsədi ilə tətbiq olunan karantin rejimlərinin rolu var. Nəzərə almaq lazımdır ki, bütün dünyada olduğu kimi pandemiya Azərbaycanda da bir çox sahələrin fəaliyyətini iflic edib.

Fəaliyyəti iflic olan sektorlar bunlardır:

– ölkədaxili turizm;

– xaricdən gələn turist axını;

– otelçilik;

– daxili ticarəti;

– toy biznesi;

– hava nəqliyyatı və digər bir çox sahələr iflic vəziyyətdədir.

Azərbaycan son illər xaricdən turist cəlb etmək yolunda böyük məsafə qat etmişdi. Amma pandemiya ölkəmizə xaricdən turist axının qarşısında səd çəkdi. Ölkəmiz demək olar ki, turist qəbul edə bilmir. Həmçinin bəzi rayonlar və şəhərlər arasında giriş-çıxış məhdudiyyətləri tətbiq olunduğu üçün bölgələrdəki istirahət məkanları boş qalıb. Digər tərəfdən, qonşu ölkələrlə sərhədlərin uzun müddət bağlı qalması yerli əhalinin ticarət əlaqələrinə və günlük qazanclarına problemlər yaradıb.

Bu problemlərlə təkcə Azərbaycan deyil, dünyanın bütün ölkələri qarşılaşıb. Çünki bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında karantin rejimlərini eyni sxem üzrə tətbiq edir. Prezident hazırki dövrdə Azərbaycan iqtisadiyyatında geriləmələrdən danışarkən, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişafın olduğunu da qeyd edib.

Prezidentdən sitat: “İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb”.

Azərbaycan iqtisadiyyatındakı artımların əsas səbəbi isə pandemiya dövründən əvvəl həyata keçirilən düzgün strategiya, qeyri-neft sektoruna, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara göstərinən dövlət qayğısıdır. Ölkəmizin iqtisadi reytinqları beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Dünya Bankının hazırladığı “Doing Business” reytinqində Azərbaycan hər il olduğu kimi bu il də irəliləyişlərə nail olub. Azərbaycan Dünya Bankının hazırladığı son “Doing Business 2020” hesabatında islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb.

“Davamlı inkişaf hesabatı – 2020” sənədində Azərbaycan dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı təqdim olunan rəqəmlər 2000-ci illərin əvvəllərindən qarşıya qoyulan hədəflərin real nəticələridir. Biz real sektora qoyulan sərmayənin əhəmiyyətini pandemiya dövründə daha çox hiss edirik. Hazırda neft ixracından əldə olunan vəsait kəskin azalması nəticəsində gəlirlərimiz nəzərəçarpacaq dərəcədə azalıb. Həmçinin pandemiyanın gətirdiyi məhdudiyyətlər digər sektorların da işini iflic vəziyyətə salıb. Amma Azərbaycanda pensiyaların, maaşların, sosial müavinətlərin, təqaüdlərin verilməsində heç bir problem yaranmayıb. Hər bir vətəndaş öz müavinətini vaxtında əldə edir.

Azərbaycan dövləti öz vətəndaşı qarşısındakı məsuliyyətini tam şəkildə həyata keçirir. Pandemiya dövlətin üzərinə əlavə maliyyə yükü gətirir, iş yerlərinin fəaliyyəti müvəqqəti dayandırılır, sahibkarlar ciddi maliyyə itkiləri ilə qarşılaşırlar. Amma onların güvəndiyi ünvan var – Azərbaycan dövləti! Onların inandığı rəhbər var – İlham Əliyev!

Bütün çətinliklərə baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb və bundan sonra da belə bir addımın atılması nəzərdə tutulmur. Ölkə başçısı dəfələrlə çıxışlarında bu barədə danışıb.

Müşahidələr göstərir ki, Azərbaycan dövləti əvvəlki dövrlərdə olduğu kimi, pandemiya dövründə də vətəndaşın sosial və maddi problemlərini tam şəkildə həll etmək gücündədir. Prezident öz çıxışlarında dəfələrlə bəyan edib ki, dünya bazarlarında neft qiymətləri ən minimum həddə düşsə belə, Azərbaycan ayaqda durmağı bacaracaq. Bütün bu uğurların kökündə isə sözssüz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi layihələr, pandemiya dövründə tətbiq edilən düzgün mübarizə metodları dayanır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR