>
Haqqımızda Əlaqə

”Əminəm ki, bir neçə ildən sonra Azərbaycanda yoxsul insan olmayacaq”- Günay İmanın müsahibəsi…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Hər bir insanın öz həyat yolu, seçdiyi bir peşəsi var. Bir də el içində ucalmağı. Belə insanlardan biri də Abşeron rayon Ağsaqqallar Şurasının sədr müavini Cəfər Quliyevdi.

Mən Cəfər babanı bir neçə ildir ki, tanıyıram. Onun xeyriyyə tədbirlərinin iştirakçısı olmuşam. Atyalı adlanan qəsəbədə əhaliyə pulsuz işıq verməsini, neçə-neçə ailəni himayəyə götürdüyünü bilirəm. Və bir gün mən də bu dəyərli insanla müsahib oldum.

Salam, elimin dəyərli ağsaqqalı, hamımızın sevimlisi Cəfər baba. Maşallah, həmişəki kimi şux görünürsüz.

-(gülümsəyir) Salam, gözəl bala. Çox sağ ol verdiyin dəyərə görə. Məni şux saxlayan elə elin sevgisidir.

Cəfər baba müasirlikdə özünü necə hiss edir. Dəyişən adətlər, itirdiklərimiz ….

Doğrudur, qızım. Ən ağrılı yerimizdi bu. Müasirlik yaxşı haldı, amma mental dəyərləri qorumaq şərtilə. Bəzən gənclərdən narazı yerimiz olsa da, onları doğru yola çəkən başqa gənclər də var. Ümumiyyətlə, cəmiyyətlər heç vaxt tam formalaşa bilmir. Çünki müxtəlif və mənfi düşüncəli insanlar güvə kimidilər. Məsələn bizim dövrümüzün gəncliyi başqa cür idi. Ata-anamız bizə bir söz deyəndə, ancaq razılaşardıq. Çünki əxlaq dəyərləri bu formada təlqin olunmuşdu. Amma müasir gənclik çox sərbəstdi. Ziyadə sərbəstlik də bəzən fəsadlara və faciəyə yol açır.

Cəfər baba gənc olsaydı ilk addımı nə olardı?

Mən gənc olsaydım ilk addımım, prezidentə dəstək vermək, onun tövsiyyələrini dinləyib ardınca gedərdim. Çünki bizim prezidentimiz mötəbər ailədə böyümüş, Heydər məktəbinin yetirməsi kimi siyasətdə öz yerini tutan, alternativsiz bir liderdir. Bu gün Azərbaycana baxanda qəlbimizə fərəh dolur. Gözümüz nurlanır. Hər yan abad, firavan, işıqlı, insanlar sakit öz həyatlarını yaşayırlar. Terror yox, partlayış yox…Övladlarımız sərbəst və sakit gəzə bilirlər küçələrdə. Bütün bunları saxlamaq böyük iradə tələb edir. Mən bütün gəncləri prezidentimizin ətrafında sıx birləşməyə çağırıram. Bəzi ağzıgöyçəklər həqiqəti bilə-bilə sosial şəbəkələrdə söz azadlığından istifadə edib ağıllarına gələni danışırlar. Qarabağ tək erməninin əlində olsa bizim qüdrətli ordumuz çoxdan almışdı torpaqlarımızı. Qarabağı da, İrəvan, Zəngəzuru da. Dünya siyasəti-deyilən məfhumun qurbanıdı Qarabağ.

Cəfər baba, Ağsaqqallar Şurası bu gün böyük işlər görür. Sizin Abşeron rayon Ağsaqqallar Şurasında hansı işlər görülür?

Azərbaycan Ağsaqqallar Şurası daim aktiv fəaliyyətdədirlər. Ölkədə baş verən bütüh hadisələrdə ölkə başçısı və xalqla birlikdədirlər. Millət vəkili, dəyərli ağsaqqalımız cənab Fəttah Heydərov quruma sədr seçiləndən sonra işlər daha geniş vüsət alıb. Respublikada ən öndə gedən təşkilatlardan biridir. Sədrimiz yorulmaq bilmədən çalışır. Bizim də borcumuzdur ki, yerlərdə onun etimadını doğruldaq. Abşeron rayonu böyük rayonlardan biridir. Abşeron Rayon Ağsaqqallar Şurasının sədrinin səhhətilə əlaqədar bir müddətdir ki, işlərimiz dayanıb. Amma biz üzvlər hər zaman gənclərlə əlaqə saxlayır, rayonda keçirilən tədbirlərdə fəal iştirak edir, hərbi hissələri ziyarət edirik. Nə qədər ki, canımızda can var, hər zaman sədrimizlə, dövlətimizlə, prezidentimizlə birlikdəyik.

Sizin xeyriyyə tədbirlərinizdə olmuşam. Bu ənənə sizdə nə vaxtdan başlayıb?

-Bala, mənim Həcər qeyrətli bir anam vardı. Sadə, sakit bir kənd xanımı idi. Mən gözümü açandan valideynlərimi imkansızlara əl tutan görmüşəm. Uşaqlıqdan belə görmüşəm, belə də davam elədim. “Harda bir ehtiyaclı görsən onu doğman say“- deyərdi anam. Elə də saydım. Mən xeyirxahlığı reklam üçün eləmirəm, Allah rizası üçün edirəm. Arzu eləyirəm ki, elimizdə, obamızda yüksək rifah olsun, hamı firavan yaşasın! Ölkəmizdə yüksək inkişaf var, xalqın rifahına yönəlmiş bu inkişaf nəticəsində əminəm ki, bir neçə ildən sonra Azərbaycanda yoxsul insan olmayacaq.

– Ürəyinizi ağrıdan nədir? Tez-tez qüssələnirsiz..

Mən həyat eşqilə dolu bir insanam. Məni qüssələndirən birinci zəmanədir. Cəmiyyət desəm daha doğru olar. Zəmanə dəyişib, cəmiyyətdə qüsurlar artıb. Elə şeylərlə rastlaşırıq ki, az qalır ürəyimiz partlasın. Çoxu əməkdən qaçır, pis-pis yollara əl atırlar. Ən böyük dərdimiz isə Qarabağdı. Mən əslən Qərbi Azərbaycandanam. Öz dədə-baba yurdum yadıma düşəndə bağrımın başına köz düşür. Mən ürəyi yuxa insanam. Ona görə də hər şeyi  ürəyimə salıram.

Cəfər baba həm də musiqiyə bağlı bir insandı. Türküləri zümzümə edən biri, həm də torpağa bağlı biridir.

Elədir, qızım. Mən bu yaşımda da bağımda yer belləyir, ağac budayıram. Torpağın ətrilə ruhum qidalanır. Bu zaman mahnısız keçinmək olmur. Mütləq torpağı əzizləyə-əzizləyə ona bayatı çağırmalısan, musiqiylə könlünü almalısan. Bu da, gənclər demiş, mənim hobbimdi. Torpağı sevməlisən ki, onu qorumaq istəyin olsun. Torpağı əzizləməlisən ki, bol məhsul versin. Allahın yaratdığı hər şeyi sevmək gərəkdi.

– Sizi suallarla çox yormayacağam. Sizi belə ruhu cavan saxlayan nədi?

–   Məni belə cavan saxlayan ailəmin mənə olan sevgisidi. Xatunumun mənə olan diqqəti, qayğısıdı. Şeyx Şamildən soruşublar ki, səni el içində belə uca edən nədi? Nə üçün hamı sənə bu qədər dəyər verir? Şeyx cavabında deyir ki, mənə birinci evdə əyalım hörmət qoyur, ona baxıb uşaqlar, uşaqlara baxıb qohum-əqraba, onlara da baxıb el dəyər verir. Mən evimdə də, elimdə də sevilirəm. Nə üçün şux olmayım ki? Hələ çox planlarım, çox işlərim var görüləsi.

 – Maraqlı müsahibə üçün çox sağ ol, Cəfər baba. Allah sənə uzun ömür, cansağlığı versin! Qoy elimizin başında həmişə dəyərli ağsaqqallarımız olsun!

– Çox sağ ol, qızım. Sizin də yolunuz daim açıq olsun! Mənə ayırdığınız vaxt üçün, diqqət üçün təşəkkür edirəm.

– Yenidən görüşmək ümidilə, Cəfər baba.

– İnşaallah!

 

Günay İman

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR