>
Haqqımızda Əlaqə

Rasim Şirvaninin ömrü  ləyaqətdən, mətanətdən, ülfətdən, fəzilətdən yaranan bir rəsm əsəridir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

RASİM ŞİRVANİ-80

 İnsan ömrünün naxışları barədə çox danışmaq olar. Bu naxışlar ləyaqətdən, mətanətdən, ülfətdən, fəzilətdən yaranan bir rəsm əsəridir. Qoca palidin kökləri nə qədər dərinə gedirsə, gövdəsi və budaqları da o qədər möhtəşəm və şaxəli olur. Bizim Rasim Şirvaninin kimi..

Rasim Bəşir oğlu Ağayev (ŞİRVANİ) – 13 iyul 1939- cu ildə Bakı şəhərində anadan olub. Əslən Şamaxıdandır. Bakının 17 saylı Orta Məktəbinin birinci sinfinə daxil olmuş, 1956- cı ildə bitirmişdir.

XIX əsrin zəkalı ziyalılarından olan, Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin soyundan gələn Rasim Bəşiroğlunun həyatı zəngin və əsararəngiz cizgilərlə doludur. Deyirlər ki, adların da talelərə oxşarlığı var. Çoxları bu fikirdədir ki, adlar insan taleyidir və insanın ömür yolunda müəyyən əhəmiyyətə malikdir. Rasim adının rəssam və rəsmiyyət sözüylə uzlaşmasından yaranan görüntü Rasim müəllimin taleyinin rəsmidir. Həm ciddi, həm rəsmi olan bu insanın yaradıcılıgında bir rəssam incəliyinin görüntüləri var.

1959- cu ildə Bakı Neft Texnikumuna daxil olan gənc Rasim 1962- ci ildə oranı bitirir. 1959-cu ildən Bakının müxtəlif sənaye müəssisələrində çilingər, usta, mühəndis, böyük mühəndis vəzifələrində çalışır. Ömrün sevgi çağında məhəbbət çiçəklərinin rayihəsinə bürünən çılğın gəncliyin lətif musiqisi Rasim Bəşiroğlunu da öz ağuşuna alır. Və o, 1963-cü ildə qismətinə ilahidən düşən payla, Şəfizadə Göyərçin Ağa Şəfi qızı ilə ailə həyatı qurur. Bu uğurlu və gözəl evlilikdən bir oğul, Ağa Şəfi və iki qız, Ülfət və Afaq dünyaya gəlir.

1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirən Rasim Şirvani Azərbaycan Yeyinti Sənaye Nazirliyində böyük  mühəndis, Sumqayıt Qənnadı fabrikində və Bakı Marqarin zavodunda direktor vəzifələrində çalışmışdır.  2001-ci ildən təqaüdçüdür. Əmək veteranıdır.

Bütün ömrünü məsuliyyət, səmimiyyət və ciddiyyət üzərində quran Rasim Bəşiroğlunun yurda bağlılığını, ocağa sevgisini hər addımda hiss etmək olur. Bu ilin yanvar ayından Ağsaqqallar Şurasına üzv seçilən dəyərli ağsaqqalımız ilə tez-tez Nizami rayon Ağsaqqallar Şurasında həmsöhbət oluruq. Çox nurani sifəti var. Hər görüşümüzdə saatlarla söhbət edirik. Sadə və səmimi olan bu insanın danışığından doymaq olmur ki, olmur. Xüsusən, Şamaxı haqqında elə vurğunluqla söhbət açır ki, həmsöhbəti mütləq heyranlıqla qulaq asmalı olur. Düşünürsən ki, ilahi, insan öz yurduna, elinə, obasına nə qədər bağlı olarmış! Ürəyimizin zərif tellərinə toxuna bilən, yurd sevgisini köksümüzdə alışdıran Rasim müəllim söhbəti mütləq xalq təbabətində bitirir. Böyük  fransız yazıçısı Voveranq deyir ki, böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. Comərd insan nəsihətlə kifayətlənməyib ürəyindən gələni edəndir. Bunları özündə qavrayıb, ruhunda emal edən Rasim Bəşiroğlu şəxsi təhsilini ciddiyyətlə artıraraq çoxəsirlik və müasir Xalq Təbabətinin bir çox ənənəvi və qeyri ənənəvi  müalicə üsullarını dərindən öyrənir. Xalq Təbabəti ilə Müasir Tibbin vəhdəti əsasında müalicə üsullarının tətbiqinə üstünlük verir.

Əmək və ictimai fəaliyyətinə görə Rasim Bəşiroğlu müxtəlif təşkilatlardan fəxri diplom və təşəkkürnamələr almışdır. “Əmək veteranı” ordenini fəxrlə sinəsində gəzdirməyə haqqi olan zəif cüssəli, fil iradəli, aram yerişli, şir pəncəli, qartal əzmli bu dəyərli ağsaqqalımız şuraya gəldiyi gündən bəri fəaliyyətini daha da artırmış, şuranın tədbirlərində, aksiyalarında, gənclərlə görüşlərdə həvəslə iştirak edir. Deyirlər, quş qanadla, insan diləklə uçar. Elinə, obasına daim rifah diləyən dəyərli ağsaqqalın mənəviyyatına, ruhuna zədə vuran bir hadisə baş verir 2004-cü ildə. 63 yaşlı ömür-gün yoldaşı Göyərçin xanımı itirən Rasim Bəşiroğlunun gözlərinə kədər qonur və bu kədərdən ovunmaq üçün o təbiəti daha çox özünə həmdəm bilir. Təbiətin, güllərin, bitkilərin, otların dilini daha çox öyrənməyə sərf edir vaxtını. Hər ləçəkdən bir hikmət, hər güldən bir ibrət, hər otdan bir şəfa öyrənir. Və öyrəndiklərini cəmləşdirərək kitab halında, xalqın sağlamlığı üçün cəmiyyətin ixtiyarına buraxır.

Rasim Bəşiroğlu Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrə səyahət edərək, min bir dərdin dərmanı olan bitkilərin xüsusiyyətlərini, qədim təbabətin sirrlərini 2015-ci ildə Xalq Təbabəti ilə akademik tibbin vəhdəti əsasında  müəllifi olduğu “Xalq təbabəti ilə sağlamliğa və uzunömürlülüyə”  kitabna toplayıb böyük nüsxə ilə çapdan çıxarır.

O, hal-hazırda  Beynəlxalq Holdinq Korporasiyasının “TİENS” şirkətinin əməkdaşıdır. “TİBET“ xalq təbabəti ilə müasirləşdirilmiş müalicə üsullarına da burada yiyələnmişdir. Bu yolda axtarışlarını davam etdirməkdədir.

80 yaşını bitirən Rasim Şirvaninin hal-hazırda 6 nəvəsi və 4 nəticəsi var.

Vaxtının qalan hissəsini onlara həsr edən ağsaqqal ruhi sakitliyini onların arasında tapır. Böyük külfətli ailə, nəvə-nəticə ona bir az da şəfqət, bir az da stimul verir. Və o, yorulmadan, usanmadan seçdiyi bu yolda əzmlə irəliləyir. Sadəliyi, səmimiliyi onu şurada da sevdirmiş, şuranın sevimli üzvlərindən birinə çevirmişdir. Milli irsin qorunmasını daim diqqətində saxlayan, müasirliyin vulqar görüntüsünə öz ağsaqqal tövsiyyəsini verən Rasim Bəşiroğlunun daha bir təqdirəlayiq işi də qəzetimizin redaksiyasında görülən işlərə diqqəti və tədbirlərdə iştirakıdır. Bütün məsələlərdə, taleyinin keçdiyi yoldan aldığı ibrəti yazı formasında gənclərə çatdıran, onlara yaxşını pisdən necə ayırmağı öyrədən bu cür ağsaqqalların sayəsindədir ki, cəmiyyət irəli gedir, gözəlləşir. Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər. Gənclər istedadlı, enerjili ola bilərlər. Amma nəsilləri birləşdirən bir əlaqə olan ağsaqqal, gənc nəsil ilə bugünkü müdrik ağsaqqallıq arasında bağlılıq olmasa, tarazlıq pozular və cəmiyyətdə çalxalanmalar baş verə bilər. Faciələrin kökü qoyular. Bu gün bizim Rasim Bəşiroğlu kimi ağsaqqallarımızın ictimai fəaliyyətinin nəticəsidir ki, gənclər daha ayıq-sayıq, daha tədbirlidirlər. Onlar dünya arenalarında çəkinmədən sözlərini deyə, güclərini göstərə bilirlər. Deyir, ata öz oğlundan soruşür ki, güclüsənmi? Oğul cavab verir, nə qədər ki sənin əlin mənim çiynimdədir, mən çox güclüyəm! Bu elə-belə məsəl deyil. Zamanın süzgəcindən keçib gəlmiş, sal qayadan süzülüb gələn sözlərdir ki, biz bunu Rasim kimi ataların fövqündə daha yaxşı hiss edirik.

Əziz və dəyərli el ağsaqqalı! Dəyərli atamız!

Volter deyir ki, insan fəaliyyət üçün yaranıb. Fəaliyyət göstərməmək və mövcud olmamaq insan üçün eyni şeydir. İnsan nə qədər fəaliyyət göstərsə ruhu o qədər sakit, vicdanı da abad olur. Sizin kimi!

İnsan həyatı boyunca 130 min km piyada gəzir,  90 milyon söz danışır,   25 min at gücü enerji sərf edir, 300 ton ağırlıq qaldırır. Bütün bu yükü zəif çiyinlərinizdə güclü iradə ilə daşımısız! Əhsən!

Şərəfli bir ömür yaşamısız! Çox şükür!

Və ömrün 80-nı bitirirsiz!

Biz Sizə bütün şura üzvləri və kollektivimiz adından möhkəm cansağlığı, bu cür əzmli və iradəli duruş, gördüyünüz işlərdə müvəffəqiyyətlər və uzun ömür arzulayırıq!

Və ərz edək ki, biz sizin həyat yolunuza səyahətdən,  ləyaqətdən, mətanətdən, ülfətdən, fəzilətdən yaranan bu rəsm əsərini seyr etməkdən yorulmuruq.

100 illik yubileyinizdə görüşmək ümidilə ad gününüz mübarək!

 

Sevgi və ehtiramla,

Şərafət Şəfa

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR