>
Haqqımızda Əlaqə

Vüqar Fərzizadə: “ÖLKƏ ƏMİN ƏLLƏRDƏDİR!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Avropa, dünya çempionatlarındakı parlaq qələbələr, olimpiya oyunlarında əldə olunan yüksək nəticələr Azərbaycanda aparılan idman siyasətinin şirin bəhrələridir

“Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki,

siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri

nəzərdə tutaraq fəaliyyət göstərir”

Uinston Çörçill

 

Dahi ingilis siyasətçinin fikirləri dünyanın müxtəlif ölkələrinin rəhbərlərinin fəaliyyətini açıq-aydın iki kateqoriyaya bölür, onların hədəflərini açıqlayır. Bu fikirlər, eyni zamanda, həmin rəhbər şəxslərin adlarının gələcəkdə ya statistik sıralama, ya da xüsusi ehtiramla yad edilməsinin dəqiq proqnozu da sayıla bilər.

U.Çörçilin zərgər dəqiqliyi ilə deyilmiş fikrinin prizmasından Azərbaycana, müstəqillik əldə etdikdən sonra respublikaya rəhbərlik etmış dövlət başçılarının siyahısına nəzər yetirmiş olsaq, onda tarixin bu qısa kəsimində vaxt baxımından az da olsa siyasi xadimlərə və dövlət xadimlərinə rast gəlmiş oluruq.  Respublikaya rəhbərlik etmiş dövlət başçıları arasında seçkilərə yönəlik fəaliyyət göstərmiş və bu cür niyyətlərinin qurbanına çevrilmiş prezidentlərimiz də olub, Heydər Əliyev kimi gələcək nəsilləri düşünərək bu yolda ömrünü şam kimi əritmiş dövlət xadimləri də. Heç şübhəsiz ki, birincilərin fəaliyyəti tarixə statistik siyahı ilə düşdüyü halda, Heydər Əliyev istər sağlığında, istərsə də vəfatından sonra xalqın xilaskarı, Ümummilli lider, Ulu öndər və s. möhtərəm ünvanlarla adını tarixin səhifələrinə silinməz izlərlə həkk etmiş oldu.

Ulu öndərin dövlət xadimi olaraq dahiliyinin daha bir göstəricisi ondan ibarət oldu ki, o, özündən sonra Azərbaycanın çiçəklənməsinin, növbəti onilliklərdə inkişaf etmiş ölkələrin sıralarına qoşulmaqla güclü dövlətə çevriləcəyinin zəmanəti olan siyasi yolun möhkəm təməlini qoymuşdur. Son on beş ilin siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrindəki inkarolunmaz, sürətli inkişaf göstərdi ki, Ulu öndər nəinki ölkəmizi durmadan yüksəlişə, irəliyə aparan siyasi kursun müəllifi kimi adını tarixə yazmışdır, eyni zamanda, ideyalarının, arzularının gerçəkləşməsinə imza atacaq siyasi varis seçimində də dahiliyini isbatlamışdır. Artıq on beş ildən artıqdır  ki, Ulu öndərin vətəndaş müharibəsindən xilas etdiyi Azərbaycan dövlətinin  idarəçilik sükanın arxasında praqmatik, xalqını düşünən, onu sevən (Qeyd: bu sevgi qarşılıqlıdır – müəllif), bütün sahələrdə irəliləyişə nail olan lider  – cənab İlham Əliyev dayanır.

2003-2019-cü illərin bütün sahələr üzrə göstəricilərinə nəzər yetirdikdə yalnız və yalnız irəliləyiş, müasir dünyaya inteqrasiya, milli dəyərlərin dirçəldilməsi, qorunub saxlanması, xaricdə tanıdılması və s.  müsbət tendensiyalar müşahidə edilir. Bir idmançı və jurnalist kimi cərəyan edənlərə, bu sahədə aparılan ardıcıl işlərə, əldə olunan yüksək nəticələrə  toxunmaq istərdim.  Həqiqət ondan ibarətdir ki, Azərbaycanda idmana göstərilən qayğını ilkin olaraq müasir idman komplekslərinin inşasında görmək mümkündür. Uşaq və yeniyetmələrin idmana cəlb edilməsilə kütləviliyin təmini siyasəti də uğurla davam etdirilir. Nəhayət, idmançılarımızın Avropa, dünya çempionatlarındakı parlaq qələbələri, olimpiya oyunlarında göstərdikləri yüksək nəticələr Azərbaycanda aparılan idman siyasətinin şirin bəhrələridir.

Sözsüz ki, respublikanın ayrı-ayrı rayonlarında ucaldılan idman komplekslərində, futbol, voleybol və digər növləri üçün nəzərdə tutulan stadionlarda yüz minlərlə uşaq və yeniyetmə idmanla məşğul olur. Onlar bu günün həvəskarları, sabahın professional idmançılarıdır. Möhtərəm prezidentimizin idman siyasəti həmin uşaq və yeniyetmələrdən mütləq şəkildə idmançıların yetişdirilməsini qarşıda vəzifə olaraq qoymamışdır. Burada əsas olan vəzifələrdən biri də,  gələcək nəslin sağlam böyüməsi, pis vərdişlərdən uzaq durmasını təmin etməkdir.

İdman siyasətinin digər bir uğuru isə, beynəlxalq səviyyəli yarışlara Azərbaycanın ev sahibliyi etməsidir. Etiraf etmək lazımdır ki, beynəlxalq səviyyəli idman qurumları  təşkil etdikləri çempionatların keçiriləcəyi ölkəni seçmək prosesinə olduqca ciddi yanaşırlar. Seşimlər aparılarkən bu növdə keçiriləcək yarışlarla bağlı infrastruktur olduqca ciddi nəzərdən keçirilir. Bununla yanaşı, ev sahibliyi edəcək ölkənin sosial-iqtisadi, hətta siyasi durumu müzakirə obyekti olur. Bu günə qədər ölkəmizdə keçirilən beynəlxalq turnurlər, yarışlar və çempionatların statistikası göstərir ki, beynəlxalq idman ictimaiyyəti Azərbaycana, burada aparılan işlərə, köklü islahatlara yüksək qiymət verir.

Təkcə onu qeyd etmək yerinə düşər ki, 2015-ci ildə ilk Avropa idman oyunlarının Azərbaycanda keçirilməsilə bağlı qərar qəbul edilməsi vətənimizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Bu, ilk baxışdan respublikaya xarici idmançıların axını kimi zahiri görünüşə malikdirsə də, digər bir tərəfdən, Azərbaycanda görülən kompleks işlərlə birbaşa tanışlıqdır, həqiqətlərimizin dünyaya çatdırılmasında bir vasitədir.

Prezident cənab İlham Əliyev tərəfindən yürüdülən və idarə olunan məqsədyönlü siyasət beləcə öz bəhrəsini verməkdədir. Bütün bunlar xalqla prezidentimizin qarşılıqlı inamından, səmimi etibarından doğur. Prezident xalqa güvənir, xalq isə öz prezidentinə etibar edir. Onun doğma Azərbaycanımızın adını daha da yüksəklərə ucaldacağına əmindir.

Görülən işlər, əldə olunan nəticələr artıq cənab İlham Əliyevi də mərhum Ulu öndər kimi siyasi xadimdən dövlət xadiminə çevirməkdədir. Əgər bu gün regionda reallaşdırılacaq böyük layihələr Azərbaycansız həyata vəsiqə qazanmaq şansını itirmişsə, bu, artıq kimin kim olduğunu göstərir. Necə deyərlər, burada sözün bitdiyi yerdir. Ölkə əmin əllərdədir.

  Vüqar Fərzizadə,

idmançı jurnalist

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR