>
Haqqımızda Əlaqə

Dünya xalqlarını məftun edən Azərbaycan muğamının sehrində

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Mədəniyyət – musiqi   bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.”

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Ulu babalarımız, zamanın böyük filosof və tarixi şəxsiyyətləri söyləmişlər ki, hər bir xalq keçmişini öyrənmədən, onu bilmədən özünü dərk edə, bu gününü və sabahını qura bilməz. Mənsub olduğu xalqın “İşıq məbədi” sayılan ziyalısı və gələcəyi olan gənclər də öz keçmişini birər-birər öyrənməli, kökünü, əsil-nəcabətini, əjdadını və ulu babalarını tanımalı, xalqının milli-mənəvi dəyərlərinə laqeyd qalmamalıdır.

Təqdirə layiq, çox sevindirici haldır ki, dünya evinin ən qədim sakinlərindən biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mənəvi abidələri, zəngin, çoxşaxəli ədəbiyyatı, incəsənəti və musiqisi ilə haqlı olaraq fəxr edir və iftixar hissi keçirir.

Zənnimcə, razılaşmamaq, qəbul etməmək mümkün deyildir ki, Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində mühüm, dəyərli yerlərdən birisini də onun həyat və məişəti, sevinc və kədəri ilə sıx bağlı olan milli musiqimiz, geniş mənada ecazkar, insanı valeh və məftun edən muğamlarımız tutur. Muğam, muğam ifaçılıq sənətinin xiridarları bilirlər ki, muğam Azərbaycan xalqının milli-mənəvi varlığıdır, millətimizi bu gündən sabaha, daha xoşbəxt gələcəyə aparan sanki bir sarıbanıdır. Muğam Azərbaycan xalqının minilliklər öncə yaratmış olduğu sənət abidəsidir. Azərbaycan muğamında həyatın dərin, fəlsəfi mahiyyəti öz ifadəsini tapır. Məncə, Azərbaycan muğamı ani duyğuların, keçici hislərin, hadisələrin bədii əksi deyil, ümumən həyat, məhəbbət, insan, gözəllik kəlmələrinin estetik ifadəsidir. Azərbaycan muğamı insanı tilsimləyir, onda dərin duyğular aləmi yaradır…

Damarlarında azərbaycanlı qanı dövr edən millətimizin hər bir övladı, sənət pərəstişkarları Azərbaycan muğamını özünün arzular səltənətində ən öncül arzu hesab edir. Görünür, elə bu səbəbdəndir ki, 2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan əsgərləri tərəfindən mənfur düşməndən azad etdikləri torpaqlarımızda, “Lələtəpə” yüksəkliyində dalğalanan üçrəngli bayrağımızın önündə, əzəli-əbədi, dədə-baba torpaqlarına yenidən qayıtmış Çocuq Mərcanlıda dövlətimizin möhtəşəm himni ilə bahəm Azərbaycan muğamının sədası da eşidildi. İnşallah, xalqımız inanır ki, möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada, Xocalıda, Laçında, Ağdamda, Zəngilanda, bir sözlə, işğala məruz qalmış torpaqlarımızda tezliklə dövlət himnimizin, muğamımızın səsi eşidiləcəkdir.

Azərbaycan vətəndaşı olaraq qürur hissi ilə qeyd edim ki, bugün Azərbaycan muğamı xalqımızın sevimlisi, qayğıkeş insan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü, zəhməti sayəsində YUNESKO-nun qeyri-maddi irs siyahısında ən nadir incilərdən birisi hesab olunur.

Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində xalq şairi, unudulmaz sənətkarımız Bəxtiyar Vahabzadə “Muğam” poemasında yzırdı:

Daş ürəklərdə yanıb daşları sındırdı muğam,

Haqqa düşman olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən?

Kürü ahilə quruldu, salı yandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Ulu xalqımızın ötüb-keçən əsrlər boynca yaratmış olduğu milli-mənəvi dəyərlərimizin, o cümlədən də muğam  ifaçılıq sənətinin daha dərindən tədqiqi, təbliği yad ünsürlərdən, kənar müdaxilələrdən qorunması, hər daim müstəqil dövlətimizin qayğı və diqqətindədir. Bu diqqət və qayğının bariz nümunəsidir ki, müasir dünyanın nadir səs sahiblərindən birisi, xalq artisti, bənzərsiz muğam ifaçısı Alim Qasımov, milli operamızın şah əsəri “Leylı və Məcnun”da Məcnun rolunun 30 ilə yaxın mahir ifaçısı, xalq artisti, professor Mənsum İbrahimov, Respublika muğam müsabiqəsinin əvvəlki illərdəki qalibləri, əməkdar artistlər Qoçaq Babayev, Təyyar Bayramov və daha neçə-neçə muğam ifaçılarımız dünyanın ən möhtəşəm, mötəbər konsert salonalrında yüz minlərlə tələbkar tamaşaçılar qarşısında Azərbaycan muğamını ifa etmiş və milli mənsubiyyətindən, dilindən, dinindən, irqindən, dövlətçilik marağından asılı olmayaraq geniş tamaşaçı kütləsinin marağını, rəğbətini qazana bilmişlər.

Bax budur, Azərbaycan muğamının sehri, muğam ifaçılığının möhtəşəmliyi!

Azərbaycan muğamının, habelə muğam ifaçılıq sənətinin qorunub-saxlanılmasında, daha da zənginləşdirib inkişaf etdirilməsində Heydər Əliyev Fondunun bilavasitə dəstəyi ilə 2007-ci ildən üzü bəri keçirilən Respublika Muğam müsabiqələrinin əhəmiyyəti olduqca önəmlidir, böyükdür.

Hər iki ildən bir təşkil edilən muğam müsabiqələrində uğur qazana bilən gənc xanəndələr hazırda Azərbaycan muğamının tarixi ənənələrini qoruyub-saxlayır, yaradıcılıqla inkişaf etdirirlər. İlkin Əhmədov, Ehtiram Hüseynov, Babək Niftəliyev, Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Aytən Məhərrəmova, Güllü Muradova, Almaxanım Əmiraslanova, Fərid Qasımov və daha neçə-neçə gənc xanəndələr muğam ifaçılıq sənətində öz dəst-xətləri ilə dinləyicilərin, tamaşaçıların dərin rəğbətini qazanmışlar.

Əziz oxucu, bilirsiniz ki, 2019-cu il mart ayının 12-də Heydər Əliyev Fondunun dəstəyi ilə VII Respublika Muğam  Televiziya müsabiqəsinin keçirilməsinə start verilmişdir. Müsabiqənin münsiflər heyətinə ustad sənətkarlar – xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə xanım İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, icraçı direktor, Azərbaycan Yazıçılar Birliyinin katibi, əruzşünas İlqar Fəhmi daxildirlər.

İki aydan çoxdur ki, Respublikamızın hər bölgəsində səs imkanı, muğam oxumaq qabiliyyəti olan beş yüzdən çox gənclərin sırasından yaş həddi gözlənilməklə seçilən 20 nəfər ifaçı tələbkar münsiflər heyəti qarşısında sənət imtahanı verir, nələrə qadir olduqlarını nümayiş etdirirlər. Beşinci Muğam Televiziya müsabiqəsindən başlayaraq İran İslam Respublikasından gəlmiş muğam ifaçılarının müsabiqəyə qatıldığını nəzərə alsaq V, VI və VII muğam müsabiqələrini Beynəlxalq müsabiqə kimi də dəyərləndirmək olar.

Hazırda (21.05.2019) Respublika Muğam Televiziya müsabiqəsinin final mərhələsi öz işini uğurla davam etdirir. Müsabiqənin final mərhələsində oxumaq hüququ qazanan 10 nəfər gənc xanəndə qaliblər sırasına düşmək üçün öz məharətlərini nümayiş etdirirlər.

Təvazökarlıqdan uzaq olsa da muğam həvəskarı olaraq düşünürəm ki, final mərhələsində Murad Rüstəmzadənin, Rəvan Qocayevin, Zülfiyyə Cəbrayılzadənin, Xəyal Hüseynovun, İlahə Rüstəmovanın, Vəliş Mirzəyevin səs, muğam ifa etmək imkanları daha böyükdür.

Şübhəsiz VII Respublika Muğam Televiziya müsabiqəsi də ənənəyə sadiq qalaraq Azərbaycanın muğamına, muğam ifaçılıq sənətinə yeni, parlaq səslər gətirəcəkdir.

Əziz oxucu, publisist yazımın bu mərhələsində etiraf edirəm ki, mən musiqiçi deyiləm. Musiqi təhsili almamışam. Milli musiqi alətlərimizin heç birisində hər hansı bir musiqi parçası ifa etmək qabiliyyətindən uzağam. Amma, heç özüm də bilmirəm, nədəndirsə milli musiqimizi, xüsusən muğamlarımızı nəhayətsiz dərəcədə sevir, xoşlayıram. Keçirilən muğam müsabiqələrinin daimi dinləyicisiyəm. Muğam dinləməkdən yorulduğumu xatırlamıram.

Bu istiqamətdə hələ uşaq yaşlarında olduğum illərdəki bir kövrək xatirəm yaddaşımın önündədir, onu sizinlə bölüşmək istərdim, əziz oxucu.

1952-ci ilin may ayı idi. Beşinci sinifdə oxuyurdum. Məktəblərdə dərs ilinin sona çatmasına çox az qalırdı. Günün ikinci yarısında anamla birlikdə dayımgilə çağırılmışdıq. Həyətdə xeyli adam-yaxın qohumlar, qonşular vardı. Çox da böyük olmayan masanın üstünə Qrammafon (adını sonralar öyrənmişdim) qoyulmuşdur. (Məqam düşmüşkən vurğulayım ki, Qrammafon yunanca-yazan, hone-səs) səsyazan deməkdir. Bu aparatı ilk dəfə 1887-ci ildə məşhur alman mühəndisi Emil Berliner (1851-1929) icad etmişdir. Maraqlıdır ki, Şərq tarixində ilk dəfə səsini qrammafon valına yazdıran (1906) Cabbar Qaryağdı oğlu (1861-1944) olmuşdur. Nəslin ağsaqqalları masanın ətrafına  düzülmüş stullarda, analar, qız-gəlinlər, biz uşaqlar göy çəmənliyə sərilmiş  palazların, döşəkçələrin üzərində sıx-sıx əyləşmişdik. Sanki bir möcüzə olacağını düşünürdük. Qrammafonun yan tərəfində, kataloqun içərisində xeyli sayda vallar görünürdü. Səbirsizliklə Qrammafonun işə salınacağını gözləyirdik. Nəhayət, zamanında təkcə bölgəmizdə deyil, rayonumuzda yaxşı tanınan ziyalı Allahverdi müəllim vallardan birisini götürüb onun üzərindəki yazını ana dilimizdə oxudu: “Xan Şuşinskinin ifasında “Şahnaz” muğamı” Qrammafon işə salındı. Ustad xanəndənin məlahətli səsi ətrafa yayıldı…

Bəli, mənim ilk dəfə eşitdiyim, dinlədiyim “Şahnaz” muğamı oldu.

Vahid olan qadir Allahın xalqımıza bəxş etdiyi Azərbaycan muğamı!

 

 

 

Hörmətlə,

Sabir Əhməd oğlu Qurbanov

Təqaüddə olan müəllim

Zaqatala rayonunun Kəpənəkçi kəndi

20  may  2019-cu  il

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR