>
Haqqımızda Əlaqə

Fəttah Heydərov: “Arif Məlikovun dünyasını dəyişməsi Azərbaycan xalqına da, Ağsaqqallar Şurasına da böyük itkidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu gün biz ağır itkinin təsirindəyik. Azərbaycan mədəniyyətinə, Azərbaycan Ağsaqqallar Şurasına ağır itki

üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.

Arif Məlikov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü idi. Bir ağsaqqal kimi dəyəri çox yüksək olan bir insan idi. Onun Azərbaycanın mədəniyyətinə verdiyi töhvələr xalqımızın yaddaşından heç zaman silinməyəcək, mədəniyyət tarixinin ən parlaq səhifəsində öz möhtəşəm yerini tutacaqdır. Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir. Sənətkarın hər yeni əsəri həm respublikamızda, həm də onun hüdüdlarından qat – qat uzaqlarda əks – səda tapır, maraqla qarşılanır. Arif Məlikov dünya miqyasında müasir Azərbaycan musiqisinin ləyaqətli təmsilçisi idi. Sevimli bir insan barədə keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Arif zəkasının nurunda möhtəşəm bir Azərbaycan Ağsaqqalı timsalı yaranmışdı.
A.Məlikov 1933-cü ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan o musiqi ilə yanaşı rəssamlığa da meyl göstərmişdi. Hətta rəsm texnikumuna daxil olmaq istəyirdi. Lakin musiqiyə olan maraq üstün gəldi. Bəstəkar 1948-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunun tar sinfinə daxil olur. Burada təhsil alarkən onda bəstəkarlığa böyük həvəs oyanır. Bu həvəs onu 1953-cü ildə konservatoriyanın bəstəkarlıq fakültəsinə gətirib çıxarır. Burada o, görkəmli sənətkar Q.Qarayevin sinfində təhsil alır və bu ünsiyyət bəstəkara bir sənətkar – şəxsiyyət kimi formalaşmaqda, sənətdə öz fərdi yolunu tapmaqda kömək edir.

Gənc Arif hələ tələbəlik illərində iri həcmli əsərlər yazmağa başlayır. Onun bəstələri tezliklə diqqət cəlb edir və onun böyük yolunun başlanğıcı görünür.
1959-cu ildə Leninqrad opera və Balet teatrı A.Məlikova N.Hikmətin “Məhəbbət əfsanəsi” pyesinə Q.Qarayevin məsləhətilə balet yazmağı təklif edir. 26 yaşlı bəstəkar N.Hikmət, baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır. Premyeradan sonra əsər musiqi tarxində yeni söz, yeni mərhələ kimi qiymətləndirilir. Balet dünyanın 26 ölkəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Musiqinin rəngarəng dəryasının çalarlarına baş vuran Arif Məlikov musiqi psixologiyasının fəlsəfi mahiyyətini tam dərk edərək möhtəşəm əsərlər yaradır. Nikbin, romantik əhval-ruhiyyəli bəstəkar təfəkkürünün sağlam və yeni axtarışlarından doğan məhsulunu möhtəşəmliyi ilə ortaya qoyur.
30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik etmiş Arif Məlikov Azərbaycan mədəniyyətində layiqli rolu olan tələbə yetişdirməklə bir pedaqoq kimi vətəndaşlıq, insanlıq borcunu ödəmiş oldu. Arif Məlikovu bu qədər xalqa sevdirən, diqqət mərkəzində saxlayan təkcə onun möhtəşəm əsərləri deyil, onun son dərəcə milliliyi, xəlqiliyi, səmimiliyi idi.
Akademik Arif Məlikov bir sıra fəxri adlara layiq görülmüşdür. Onun uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Arif Məlikov Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. Eləcə də, Azərbaycan Ağsaqqallar Şurası da onun gənclərin vətənpərvərlik ruhda formalaşmasında göstərdiyi xidmətlərə görə fəxri diplomla təltif etmişdir.

Arif Məlikov uzun illərdir ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvü idi. Onun sıralarımızdakı yerinin boş qalması üzücü və ağırdır. Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, xatirəsi hörmətlə anılacaqdır.
Dəyərli ağsaqqalımıza, vətənpərvər ziyalımıza Allah rəhmət eləsin!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR