>
Haqqımızda Əlaqə

Mayıl Əliyev:”O, öz adını incəsənət tarixinə qızıl hərflərlə yazdı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

MƏŞHURLARDAN XATİRƏLƏR

Xalq artisti Amalya Pənahova

Azərbaycan Akademik Milli Dram Teatrının aparıcı qüvvələrindən biri olan Amaliya Pənahova incəsənətimizdə özünəməxsus silinməz izlərlə teatrsevərlərin yaddaşlarına həkk olunmuşdur.

                  

Amaliya Əliş qızı Pənahova 15 iyun 1945- ci ildə qədim Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirən Amaliya sənədlərini tərəddüd etmədən M. Əliyev adına Teatr İnstitutunun (indiki İncəsənət universiteti) dram və kinoaktyorluğu fakultəsinə verərək, 4 ildən sonra oranı müvəffəqiyyətlə başa vurur. Tələbəlik illərindən gənc qızın aktyorluq məharəti özünü qabarıq şəkildə göstərməsi, teatrın baş rejissoru və həm də institutun aktyorluq sənətindən dərs deyənTofiq Kazımovun diqqətini cəlb edir.

1964-cü ildə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”   əsərinin tamaşaya hazırlayan T. Kazımov 19 yaşlı qızın (Nargilə) obrazını II kurs tələbəsi Amaliya Pənahovaya tapşırır. Obrazı uğurla oynayan gənc aktrisanın istedadlı kadr olmasını tamamilə təsdiqləyir. Rejissorun bu yeni kəşfi aktyor seçimində yanılmadığı özünü tam mənası ilə doğrultdu. Qəzetlərdə tamaşa və iştirakçılar haqqında geniş şərhlər, o cümlədən gənc talant haqqında çoxlu müsbət rəylər verilmişdi. Bu tamaşadan sonra  gənc tələbəni birbaşa teatrın aktyor truppasına qəbul etdilər.  Bu tamaşanın arxasınca  İ. Əfəndiyevin  yeni bir əsəri “Unuda bilmirəm”, yenə də  T. Kazımovun quruluşunda tamaşaya hazırlanır. Sözsüz ki, bu əsərdə rejissor Amaliya Pənahovaya yeni bir obraz, tamam fərqli bir xarakterli obraz, Nərmin obrazını tapşırır. Ümumiyyətlə, bu əsərdə də Tofiq Kazımov gözəl aktyor qrupu cəmləyir.

Nərmin- Amaliya Pənahova,

Kamran- Həsən Turabov,

Cəmil- Hamlet Qurbanov.

Əsərdə hər iki gəncin Nərminə ilə olan macərası tilsimli və həm də maraqlı bir səhnə yaradır. Aktyorların məharətli oyunu, təbiiliyi tamaşaçıların böyük rəğbətini qazanır.  Bu əsərdə Amaliya (Nərmin) xanım tamaşaya yeni bir avazla çıxması, tamaşaçıları, teatrsevərləri həm sevindirir, həm də təəcübləndirir. Belə ki, gənc aktrisa  Nərminin lirik mahnısını öz səsilə çox gözəl oxuyur.

Mən bu tamaşaya bir neçə dəfə baxmışam. O vaxtlar mən özüm də gənc bir oğlan idim. Mənim üçün də mövzu çox maraqlı idi. Amaliya xanımın lirik mahnısı çox könül oxşayan idi və sürəkli tamaşaçı alqışına səbəb olmuşdu. Ümumiyyətlə, bu üçlüyün dueti möhtəşəm idi. Ona görə də tamaşa uzun müddət repertuardan çıxmadı. Sonralar tamaşa  yenidən Dram Teatrında səhnəyə çıxanda artıq bütün aktyorlar dəyişdirilib, gənc aktyorlara havalə olunur. Ancaq bu tamaşa, inanın ki, o birinin yerini verə bilmədi və səhnə ömrü az oldu. Artıq bütün tamaşalarda rollar alan Amaliya Pənahova püxtələşir və bəzən heç bir rejissor məsləhəti olmadan rolunu ifa edirdi. Aktrisanın fəaliyyətinin analiz etmək üçün onun oynadığı obrazları sadalamaq üçün kitab yazmaq lazımdı. Ancaq bir neçə yazıçının adını göstərməklə kifayətlənirəm. A. Pənahova Ə. Haqverdiyevin, C. Cabbarlının, S. Vurğunun, S. Rəhmanın, M. İbrahimovun, İ. Əfəndiyevin və daha bir çox ədiblərin əsərlərinin baş rolunu ifa edərək geniş tamaşaçı auditoriyası toplaya bilmişdir. Eləcə də, xarici ədiblərin əsərlərində də aktrisa xeyli mürəkkəb obrazları müvəffəqiyyətlə oynamışdır. Onun birinci rolu V. Şeksprin “Hamlet” faciəsində Ofeliya obrazı olmuşdur. Bu tamaşanın premyerasına mən də baxmışdım. 1968-ci ilin qış aylarında tamaşaya baxmağı səbirsizliklə gözləmişdim. Doğrudan da çox yüksək səviyyədə hazırlanan bu tamaşa aktyorlarda böyük ruh yüksəkliyi yaratmışdır. Tamaşa böyük alqış sədaları altında keçirdi. Amaliya xanımın obrazı fantastik bir xarakter almışdı. Yenə də həmin üçlüyün uğuru idi bu. Ofelya rolunu Amaliya Pənahova, Hamleti Həsən Turabov, generalı isə Hamlet Qurbanov oynayırdı. Bu tamaşa yuxarıda qeyd etdiyim kimi, 60-cı illərin ən səs-küylü, böyük rəğbət qazanan tamaşa kimi yaddaşlarda qalmaqdadır. Bundan sonra yenə də Şeksprin “Maqbet”, Şillerin “Məkr və məhəbbət”, O. Altunbayın “Tomris” və bir çox başqa yazıçıların əsərlərində rol alan aktrisa, rollarını möhtəşəm oynayaraq yaddaqalan etmişdir. Və bununla da Amaliya Pənahova səhnənin kraliçasına çevrildi. Amaliya Pənahova səhnədə çox emosional idi, coşur, obrazın xarakterinə uyğun jestləri onu daha çox sevdirirdi. Bütün bunlar, aktrisanın obrazı dərindən duymağından, professionallığından irəli gəlirdi. Aktrisanın səhnə fəaliyyəti, onun istedadı “Azərbaycanfilm” kinostudiyasının diqqətini cəlb etmişdi.

Amaliya Pənahova bir neçə filmdə də çəkilmişdir. Bunlardan “Qəribə adam”, “Musiqi müəllimi”, “Səmt küləyi”, “Arxadan vurulan zərbə”, “Əhməd haradadır” və “Babək” kimi böyük filmlərdə rol alaraq, kinosevərlərin yaddaşında parlaq bir iz buraxmışdır. Onun “Babək” filmindəki Zərnisə ( Babəkin həyat yoldaşı) obrazı qədim tariximizdə yaşayan qadınlarımızın qəhrəmanlıq rəmzidir! Bununla belə Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmaq fikrinə düşür və yaradır. Teatra rəhbərlik edən aktrisa  N. Rəfibəylinin “Məhsəti”, Anarın “Burlaxatun”, A. Məmmədovun “Dəli Domrul”, ən nəhayət Milli Dram Teatrın səhnəsində də oynadığı Jan Anuyun “Medeya” və  başqa əsərləri rejissor kimi tamaşaya qoyur. Teatra gözəl aktyor heyəti cəlb edən aktrisa burda da uğura nail olur.

Onun incəsənətimizə xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilir.  Belə ki, 1 iyun 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 30 dekabr 1988-ci ildə xalq artisti fəxri adına, 1995-ci ildə isə  “Şöhrət” ordeninə layiq görülür. 1968-ci ildə Komsomol mükafatına və 1972-ci ildə isə Dövlət Mükafatı Laureatına layiq görülən aktrisa fəaliyyət məsuliyyəti ilə sənətşünaslıq doktoru, proffessoru adına da yiyələnir. 2001-2006-cı illərdə millət vəkili seçilən Amaliya Pənahova sevdiyi səhnədən heç vaxt ayrı qalmır.

Aktrisa 9 noyabr 2018-ci ildə qəflətən dünyasını dəyişir. Dövlət səviyyəsində dəfni təşkil olunan Amaliya xanım böyük izdihamla sevimli səhnədən son mənzilə yola salınır. O, həyat yoldaşı Yusif Muxtarovun yanında dəfn olunur.

Amaliya Pənahova elə bir aktrisadır ki, onu unutmaq mümkün deyil. İncəsənət tarixinə qızıl hərflərlə öz adını yazan aktrisanın əziz xatirəsi daim qəlblərdə yaşayacaq, xalqımız və sevdiyi səhnəsi onu heç vaxt unutmayacaqdır!

Mayıl Əliyev,

Nizami rayon Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR