>
Haqqımızda Əlaqə

Ömrün zirvəsinə yetişən insan…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Respublikanın fəxri inşaatçısı, şöhrət ordenli Ənvər Əliyev

Tanrı təbiəti fəsillərə bölüb yaratdığı kimi insan ömrünü də 4 fəsilə ayırdı. Uşaqlıq, gənclik, ahıllıq və qocalıq. Mövlanə deyir ki, könlü işıq yandırmağı, işıqlandırmağı öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz kimi ışıldayıb dayanmaq istəyirsənsə, gecəyə bənzəyən mənliyini yandır. Mən doğrusu Ənvər müəllimi yaxından tanımıram. Onun haqqında ağsaqqallardan eşitmişəm. Həmişə ağızdolusu danışıblar. Bu yaxınlarda eşitdim ki, 80 illik yubileyidir. Əzizimiz Sücəddin müəllimlə bu yazını hazırlamaq qərarına gəldik. İnsan ömrü kino motivlərindən ibarət tale və qismətin vəhdətindən doğan mükəmməl bir həyat əsəridir. Bu əsərin proloqu və epiloqundan bir insanın həyat yolunu tam təxmin etmək olur. Biz də Ənvər müəllimin həyatını incələyərək epiloqunu vurmaq istədik. Bu insan özünmotivasiyanı o qədər dahiyanə həyata keçirə bilib ki, ətrafındakıların böyük sevgisiylə yüklənib. Bir ömür yolunu əlilə didib, alın qırışına yığıb bu insan. Hər qırış qatında böyük bir kitab, hər kitab içində böyük əsərlə. İlahi vergili insanların həyatı həmişə zəhmətə bağlı olub. Bu qalmaqalı dünyanın işlərindən baş çıxarıb müdrikləşmək, ömrü qeyrətlə başa yetirmək hər qocalan insanın işi deyildir. Aşıq Ələsgərin təbirilə desəm:

Nələr gördüm, gəşt еlədim dünyanı,
Hər bir işin qeylü-qalı varıymış.
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı halı varıymış.
Bu qarmaşıq dünyanın dəyişən zamanlarında dəyişməyən ağsaqqalımız ömrün zirvəsinin ziyasındadır. Köhnə qəzetlərdə onun haqqında yazılanları araşdırarkən gəldiyim qənaət bu oldu ki, Ənvər müəllim uğurunun kökünü ailəsində, səbəbini isə yaxşı müəllimlərində görür. Nə qədər böyük bir ürək, nə qədər kamillik! Və yer üzünün mövlanlarına verilən dəyərin cığırında ömrün zirvəsinə yetişən insan! Zili də var, bəmi də var dünyanın, sevinci də, qəmi də var dünyanın! Tale cığırında ömür yedəyində hər yolu keçərkən bir ağ düşdü telinə Ənvər müəllimin! Qətiyyətlə addımladı! Qarapapaq kişilərimizin xarakterini özündə ehtiva, gözəl ailəsini nümunə edərək cəmiyyətdə böyük nüfuz qazandı. Vətənə yararlı övlad, ailəyə dəyərli ağsaqqal oldu! Ehtiyatda olan polkovnik Sücəddin Abdullayevlə həmsöhbət olduq. O, Ənvər müəllim barədə xatirələrini danışdı, biz də qələmə aldıq! “Ənvər müəllimi 1980-cı ildən bu günə qədər yaxından tanıyıram, böyük hörmət bəsləyirəm, fəxr edirəm ki, bu insanın rəhbərliyi ilə işləmişəm. Bu insan haqqında söz deyərkən mənim gözlərim önündə Azərbaycanın tikinti-quraşdırma sahəsində ən öndə olan rəhbərləri, mühəndisləri durur.
Ənvər müəllim bu günə qədər tanıdığım inşaat mühəndisləri içərisində özünün dərin bilikləri ilə, səmərəli təklifləri ilə, böyük təşkilatçılıq bacarığı, cəsarəti ilə seçilən böyük çox böyük – mühəndisdir. Mənim müəllimimdir.
İllər boyu geridə qalan tresti az bir vaxtda qabaqcıllar sırasına çıxması üçün kollektivdə uzun müddət böyük ruh yüksəkliyi yaratdı. Səriştəli rəhbər işçi kimi Ənvər müəllim ilk növbədə mövcud çətinliklərin aradan qaldırılması yollarını düşündü.
Çətinliklərdən biri inşa edilmiş obyektlərdə son tamamlama işlərinin ləng getməsi ilə bağlı idi. Axı, trestin özündə tamamlama işləri ilə məşğul olan ayrıca idarə fəaliyyət göstərirdi. Lakin bu idarə heç də işin öhdəsindən tam gələ bilmirdi.
Çünki idarədə ixtisaslı işçilər, mütəxəssislər azlıq təşkil edirdi. Əslində trestin digər idarələrində belə mütəxəssislər, ixtisaslı işçilər çox idi. Onları bu idarəyə köçürmək isə problem idi. Bu problemi həll edib, qaydasına salmaqdan ötrü onların mənzillə təminatı məsələsi həll olunmalı idi. İş burasındadır ki, bu vaxtacan trestdə mənzil məsələsi ədalətli qaydada həll olunmamışdı.
Dediyimiz kimi, bu adamları vahid bir idarəyə – tamamlama işləri aparan idarəyə toplamaq üçün mənzil problemini həll etmək gərək idi. Trestdə orta hesabla 1000-1200 nəfər işlədiyi halda hər il təqaüdə çıxanlarla birlikdə ev növbəsində dayananların sayı orta hesabla 700-800 nəfərə çatırdı.
Trestin müdiri Ənvər Əliyev yeni təklif irəli sürdü. Bu təklif tam bəyənildi, trest üzrə mənzil növbəsinin yekun siyahısı tərtib olundu, bu yekun siyahı trestin 1-ci mərtəbəsində asıldı. İndi işçilər əyani görürdülər ki, kim-kimdən sonra növbədədir. Beləliklə, təzə mənzillər idarələrə yox, hansı idarədə işləməsindən asılı olmayaraq növbəsi çatan adamlara verilməyə başlandı. Tezliklə mənzil problemi də qaydasına düşdü və tamamlama işləri ilə məşğul olan idarəyə 250-300 ixtisaslı işçi cəlb edildi.
İdarələrdə, tikinti meydançalarında əmək adamlarma ticarət, iaşə xidmətinə, əmək imtizamınm möhkəmləndirilməsinə diqqət artırıldı. Trestin bütün şöbələrində – əməkdaşlar dövlət proqramının aylıq və rüblər üzrə yerinə yetirilməsi üçün üzərlərinə düşən vəzifəni vaxtında və layiqincə yerinə yetirdilər.
Nəticədə 1980-ci ilin II-III rübündə 1 saylı tikinti tresti qaliblər sırasında dayandı və Azərbaycan SSR Senaye Tikinti Nazirliyinin Keçici Bayrağını və pul mükafatını aldı. 1980-ci ilin IV kvartalının yekununa görə 1 saylı tikinti tresti SSRİ Senaye Tikinti Nazirliyinin, bütövlüklə 1980-ci ilin yüksək göstəricilərinə görə isə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-nm və ÜİLKGİ MK-nın Keçici Bayrağı ilə təltif olundu, pul mükafatını aldı.
Məhz həmin ildən başlayaraq Ənvər Əliyevin rəhbərlik etdiyi 1 saylı tikinti tresti bayraqlı trest kimi təkcə Azərbaycanda deyil, həm də ümumittifaq miqyasında geniş tanındı. Elə bir kvartal, elə bir il olmadı ki, trest qaliblər sırasında olmasın.
O illər Sumqayıt şəhərində işçilərin sosial problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edirdi.
Ənvər müəllimin cəsarəti və tələbkarlığı nəticəsində şəhərdə uzun müddət yarımçıq qalan binalar, sosial obyektlər, sənaye tikintiləri qıssa müddətdə Dövlət komissiyalarına təhvil verildi. Bunlara bariz sübut Sumqayıtda ilk 101 mənzilli 14 mərtəbəli bina (qeyd etmək lazımdır ki, burada 101 mənzildən 52-si trestin zəhmətkeşlərinə verildi) demək lazımdır ki, bu möhtəşəm yaşayış binası 10 ay ərzində tikilmiş, istismara verilmiş ilk yeganə olan 14 mərtəbəli yaşayış binası bu gündə müasir və möhtəşəmdir.
Bundan əlavə nazirlik şərti olaraq 1982-ci ildə trestə 20 min manat plan yazdırdı. Trestin kollektivləri iki 70 mənzilli yaşayış evlərini tikib işçilərə payladı. Bu daş binalar 17 mikrorayonda ucalır! Burada daha iki bina ucalıb. Demək lazımdır ki, bu işin əsasını siz cəsarətlə qoymuşunuz.
Ənvər müəllimin rəhbərliyi ilə 1982-ci ilin yekunlarına görə təkcə 12 №-li Tİ 11 böyük tikinti obyektləri Dövlət komissiyasına təhvil verildi. Məktəb, uşaq bağçası, SK və Boru yayma zavodlarının profilaktoriyaları, 4 ədəd yaşayış binası, 201 mənzil, Giləzi qəsəbəsində mülki müdafiə obyektləri üçün mərkəzi anbar, 17 mikrorayonda trestin zəhmətkeşlərinin övladları üçün nümunəvi uşaq bağçası və başqaları. Mən də dəyərli müəllimimə təbrikimi qəzetiniz vasitəsilə də çatdırmaq istəyirəm.

Hörmətli Ənvər müəllim!
Əmin olun ki, yubileyinizi mənimlə bərabər minlərlə respublikamızın inşaatçıları təbrik edir. Zəhmətkeş insanlar həmişə minnətdardılar və Sizə can sağlığı arzulayırlar.
1985-89-cu illərdə keçmiş SSRİ-də EP-300 kompleksi çox vacib idi. Ənvər Əliyev EP-300 zavodunun inşasında əvvəl trest müdiri kimi, sonra Sənaye Tikinti nazirinin müavini kimi öz vacib rəhbərliyini edirdi. Bu zavod bu gündə respublikamıza iqtisadi köməklikliyini göstərir.
Ənvər Adil oğlu Əliyev haqqında, onun rəhbərliyi haqqında, müdirimiz, nazirimiz olması haqqında bu gözəl yubiley günündə səhərə qədər danışsam bitib tükənməz.
1980-85-ci illərdə Sənaye tikinti naziri olmuş zəhmətkeş Tofiq Səfərəliyevin 1983-cü ilin dekab ayında Ənvər müəllim haqqında dediklərini Sizin diqqətinizə çatdırıram: “Əmək insan ömrünün zinətidir – deyənləri haqlı sayıram. Elə Ənvər Əliyevi camaat arasında hörmətə qaldıran, ad-san sahibi edən də onun zəhmətə bağlı olmasıdır. O, bir insan kimi də, mühəndis kimi də həmkarlar, dostları arasında ön sıradadır”.

Ənvər Əliyev barədə eşitdikcə, oxuduqca insanın göz önündə böyük bir dünya açılır. Bu dünyanın məhvərində müqəddəslik, milli irsə dəyər, islami-əxlaqi dəyərlərin fəziləti durur! Onun haqqında olan düşüncə və duyğular bahar səhərinin xoş ovqatına qarışmış laləzarlı, min bir çiçəyin ətrini yayan sərin meh qədər xoş aora yaradır insanda! Bir insanın həyat manifestində insan öz həyat yolunu əridib, praktikasından bəhrələnib özünə gözəl bir zinət əşyası düzəldə bilər bu örnək ömürdən!
Ənvər Əliyev təkcə ətrafı tərəfindən deyil, eləcə də dövlətimiz tərəfindən də qiymətləndirilib həmişə! Dövlətimiz tərəfindən Ənvər müəllimə “Əməkdar inşaatçı” adı verilmiş, o “Şərəf nişanı ordeni” və Azərbaycan SSRİ Ali Sovetinin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
Azərbaycanda tikinti kopleksinin inkişafında olan xidmətlərinə görə 2008-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bəli, Ənvər müəllim bu gündə öndədir, hər birimizin yol göstərəni, böyük ağsaqqalıdır.
Əziz Ənvər atamız!
Dahi Dostoyevski deyir ki, qürurlu insan özünü tanıyan və özünü ən dərinliklərinə qədər mühakimə etməyi bilən insandır. Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik böyük əzablardan sonra əldə edilən nemətdir. Dəyərli el ağsaqqalımız, siz müdrikliklə bu xoşbəxtliyə nail ola bilmisiniz! Mən təmsil etdiyim Ağsaqqallar Şurasının bütün üzvləri və qəzetimizin yaradıcı kollektivi adından sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, sizə əsas can sağlığı və uğur arzulayırıq! Günəş nuru gözündən, xoş təbəssüm üzündən, Allahın kölgəsisə üstündən əskik olmasın!
100 illiyinizi qeyd edək, İnşaallah!

Böyük ehtiram və sevgilə,

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR