>
Haqqımızda Əlaqə

Elin-obanın Nəriman həkimi…..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Zaqatala Diaqnostika Mərkəzi və  mənim mükəmməl seçimim

 İnsan ruhu qəribəliklərlə dolu, sirri çözülməyən bir dünyadı. Bu ruhun istəyi cismi istədiyi yerə götürür, istədiyi formaya salır. Mənim ruhum kimi! Uzun zamandı ki, agır xəstəlikdən əziyyət çəkirdim. Həkimlər müalicəylə keçib gedəcəyini desələr də, keçmədi. Və vaxtın uzanması, problemlərin ard-arda axışı özümə baxmağa imkan vermədi. Və bir gün daha da ağırlaşdığımı, xəstəliyin xeyli irəlilədiyini gördüm. Bakıda çox hörmətli, peşəkar həkim dostlarım vardı. Bilirdim ki, məni tanıyan hər kəs təmənnasız məni əməliyyata alardı. Amma mən ruhuma tutunmuş, içimə qapanmış bir insan idim. Ona görə də, hətta yanımızda yerləşən, bizə doğma, əziz olan “Xəzər” Klinikasının baş həkimi, doğma qardaşım kimi sevdiyim gözəl cərrah İlqar Yusibova da bir söz demədən, şair Bəhmən Vətənoğlunun  “Qoy məni doğrasın bir loğman əli, Amandı yarama naşı dəyməsin!”misralarının qanadında rayonumuza üz tutdum. Qaxa! Fikrim qəti idi! Zaqatala Diaqnostika Mərkəzində əməliyyat olunacaqdım! Professor-doktor Nəriman Əfəndiyevin yanında! Çoxunu düşündürən “niyə Bakıda deyil, burda?”-sualının cavabını indi verəcəyəm hamıya.

Hər şeydən əvvəl bura mənim ulu yurdum, ulu yuvam idi. Ruhum bura çox bağlıydı. Əgər burda əməliyyatdan ayılmasam, öz elimin içində olacaq, ətrafımda olan öz doğma ulularımın ruhuna qovuşacaqdım. Bu qədim torpaqda mənim ruhum daha pərvazdı. Burda mənim ulularım,  doğmalarım uyuyurdu! Başqa bir nüans da bu idi ki, Nəriman həkimlə qohumluq əlaqələrimiz vardı. O, boynumda haqqı olan, həm yaxşı həkim, həm də yaxşı insan idi!

O, heç kəsin əlini buraxmadı heç zaman…

Hələ Qax rayon Mərkəzi Xəstəxanasının gənc cərrahı idi Nəriman Əfəndiyev. Gənc olmasına baxmayaraq bacarığı, humanistliyi, diqqəti və mehribanlığı ilə hamının rəğbətini qazanmışdı. Uşaqlarım balaca idi. Yolum tez-tez xəstəxanaya düşürdü. Hər gedişimdə orda doğma bir dayımın olduğunu hiss edirdim. Nəriman Əfəndiyev elə bir insandı ki, o, kasıbları, kimsəsizləri təmənnasız əməliyyat edirdi. Şahidi idim. 90-cı illərin axırları idi.  Bir  qadın gətirmişdilər. Kor bağırsağı partlamaq üzrəydi. Ayağında cırıq, palçıqlı qaloş vardı. Bir neçə gündən sonra eşitdim ki, Nəriman həkim həmin qadını təmənnasız əməliyyat edib, üstəlik bütün müalicə üçün lazım olan iynə dərmanını da özü alıb verib. Çox belə xəstələri vardı Nəriman həkimin. Onun qəlbi tamam başqa cür idi. Babam deyərdi ki, sakit təbiətli, özünə qapanan insanların ruhu daim öz dünyalarının məxsusi musiqi ahənginə bürünmüş olur. Onlar heç zaman pislik edə bilməzlər. Hər kəsin dərdini öz dərdi bilib, qəlblərini yükləyərlər. Böyük bioloq K.İ.Skryabin deyir ki, insan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.

Fikri aydın, qəlbi təmiz və müdrik Nəriman həkimin də seçimi  aqilanədir. Zaqatala Diaqnostika Mərkəzinin həkimdən tutmuş mühafizəçisinə qədər, bütün işçilərin davranış mədəniyyətinin elitarlığı, baş həkimin düzgün seçiminə istinad edir. 24 saat xidmətdə duran tibb işçiləri, personalı xəstələrə o qədər diqqətli və mehribandılar ki, insan onları doğma ailəsi sanır.  200 nəfərə yaxın peşəkar tibb heyətinin xidmət göstərdiyi  Zaqatala Müalicə Diaqnostika Mərkəzi 2008-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə əhalinin istifadəsinə verilib. Mərkəz  6 şöbədən ibarətdir və ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Şüa-diaqnostika, cərrahiyyə, reanimasiya şöbələri ilə yanaşı hemodializ şöbəsi də yaradılıb ki, bu da ətraf rayonların sakinlərinin də işini xeyli yüngülləşdirib. Bunu, məni ziyarətə gəlmiş  Zaqatala rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov da təsdiqlədi.  Mənim burda əməliyyat olunmağımın  mükəmməl seçim olduğunu vurğuladı. O, qeyd etdi ki, Nərman Əfəndiyevin Zaqatalaya gəlişindən sonra sakinlər Bakı, Gürcüstan yollarından yığışıblar. İndi ətraf rayonlardan, elə Gürcüstanın özündən çoxu bu şəfa ocağına üz tutur. Çünki burdakı həkimlər seçilmiş,  qızıl əllərli həkimlərdir. Burda neçə-neçə şəfalı əl, xəstəliyi vücuddan kənar edib, gözəlliyi, sağlamlığı qorumağa çalışır.

Bir həkimim də, cərrah –ginekoloq Səadət xanım idi. İşini sevən, məsuliyyətli və tələbkar.  Ümumiyyətlə, bu müəssisənin qayda-qanunu xəstələrin də ürəyincədir.  İnfeksiyaçı alim A.F.Bilibin deyir ki, həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Bunu özlərinin həyat meyarı sayan baş həkim Nəriman Əfəndiyev də, Səaət xanım da, burda çalışan başqa həkimlər də, Hippokrat andını bilmirəm, əminliklə deyə bilərəm ki, öz  vicdanlarına and içmiş həkimlərdi. Ona görədir ki, Oğuz, Şəki, Qax, Balakən, Mingəçevir və qonşu Gürcüstan Respublikasından da bu mərkəzə insanlar əminliklə, etimadla axışıb gəlirlər.

Və bunları seyr edən mənim də ürəyimdən bu misralar süzülür..

Mən sənə tanrının payı deyimmi,

İnsanlıq adının  sayı deyimmi,

Bir loğman ömrünün çayı deyimmi,

Coşub-çağlayırsan bir ümman kimi,

Ey elin-obanın Nərman həkimi!

Mərkəzdə “müsafir” olduğum 10 gün ərzində burda çalışanlardan zərrə qədər də incikliyimiz olmadı. 2 nəfərlik palatada xəstələrin rahatlığı üçün hər çarpayının yanına zəng düyməsi qoyulub.  Günün hansı saatı zəngi bassan, anında tibb bacısını başın üstə görərsən. Otaq yoldaşım Şəkinin Göynük kəndindən gələn Xalidə müəllimə idi. O, da xidmətdən məmnunluqla danışırdı. Qonşu palatada müalicə alan Ziyafət ana da, Samirə xanım da tibb heyətinin xidmətindən çox razılıq edirdilər. Əslən Balakəndən olan Ziyafət ana deyir, artıq üçüncü dəfədir ki, həyatımı Nəriman həkimin əllərinə etibar edirəm. Burda özümü öz doğma ailəmdəki kimi hiss edirəm.

Cərrahiyyə şöbəsinin peşəkar tibbi personalı arasında  tibb bacısı Niğar xanımın məxsusi yeri var. 

Səhərə qədər xəstələrin başı üzərində dayanan, onların çağırışlarına “hay can” cavabı verən,  kiçik vücudlu, böyük ürəkli Nigar xanımın mehribançılığı və xəstələrə həddən artıq qayğı göstərməsi, onun ailəsinin əxlaq etalonundan xəbər verir. Ümumiyyətlə, bizim zonanın insanları tamam başqa cür xarakterə malikdirlər. Onlar ən uzaq, uzaqdan uzaq bir qohumu da lap yaxın sanırlar. Bu da yəqin ki, dağlarımızın əzəmətindən ruhumuza hopub. Alimlər sübut etdilər ki, havanın, suyun da insan xarakterinə böyük təsiri var. O qədər böyük ki, məni ölüm ayağında, böyük şəhərdən doğma yurda götürmüşdü.

Mərkəzdən ayrıldığım düz bir aydır. Amma mən hələ də oranın ab-havasındayam. Doğmalar içindəki ərkim də yurda bağlılığımdan, insanları sevməyimdən qaynaqlanmışdı. Cərrahiyyə şöbəsində gördüyüm mənzərə bəzi xəstəxanalara örnəkdir. Cərahiyyə şöbəsinin baş həkimi İlqar həkim şöbəyə nə qədər möhtəşəmlik verirsə, qapını açdıqda gülər üzüylə insanları qarşılayan, cərrahiyyə evinin sahibəsi, sevimli, şirin qadın Validə xanım da şöbəyə bir elə yaraşıq verir. Burda ömrün ahıl tinində, dincəlmək əvəzinə xalqın xidmətində durmağa üstünlük verən, hələ də sənətini sevən, şəfalı əllərilə ömür uzadan Məhərrəm həkimi, tibb bacısı Təranəni və başqa işçiləri seyr etmək də bir əsər yazmağa bərabərdi. Mən əvvəllər Azərbaycan Dövlət Televiziyasında işləmişəm. Sonra Ağsaqqallar Şurasının mətbuat xidmətində jurnalist fəaliyyətimi davam etdirdim.  Qəzet və sayta rəhbərlik də peşəkarlığı ehtiva edir. Efir gözəllik sevir. Mən də hara getsəm gözəllikləri seyr edib, hərflərdən ilmə salıb, sözlərdən xalı toxumağı öyrəndim. Mənim nəzərimdə hər iş bir rəsm əsəridir. Bu dəfəki əsər isə laləzarın min bir cür gülündən bal çəkib, pətəyinə bal daşıyan arı ordusunun işgüzar görüntüsünü xatırladırdı.

İnsan uşaqlıqdan arzuların qucağında illəri ötürür, təhsili başa vurmağa tələsir. Yetkinlik yaşında qarşımıza çox önəmli bir sual çıxır. Hansı peşəni seçməli? Seçdiyimiz peşə, elə bir peşə olmalıdır ki, bizim gələcəkdə həyatımızda bacarığımıza, maraqlarımıza uyğun gəlsin və biz bu peşədən həzz ala, qürur duya  bilək. Uzun düşüncədən sonra minlərcə peşənin içərisindən  öz xarakterinə uyğun bir peşəni seçirsən.  Və bir çoxları həkim Nəriman Əfəndiyev kimi qətiyyətlə  ən məsuliyyətli bir peşəni  seçir . Bu qədim sənəti seçən insanın ruhu zəngin və insanlığa böyük sevgisi olmalıdır. Bizim Nərman Əfəndiyev kimi…..

Mən  Zaqatala Diaqnostika Mərkəzinə, başda mərkəzin rəhbəri Nəriman Əfəndiyevə və bütün peşəkar  tibb heyətinə xəstələrə yaratdıqları bu cür şərait, diqqət və qayğı üçün öz minnətdarlığımı bildirirəm.

Tam səmimiyyətl və məsuliyyətlə deyirəm ki, həyatınızı bu mərkəzə əminliklə  etibar edə bilərsiz!

Sevgi və ehtiramla,

Şərafət Şəfa

 

 

 

 

 

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR