>
Haqqımızda Əlaqə

Millət vəkili Azər Kərimli barədə bilmədikləriniz….

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Dahi Mark Tven deyir, tarix o adamları xoşbəxt sayır ki, ümumi məqsəd üçün çalışarkən daha vacib olurlar. Bu sözlərin mahiyyətinə varanda insanlıq haqqında düşünməyə məcbur olursan. Ümumi məqsədçün çalışmaq insana və insanlığa xidmət etmək, buna xidmət edərək yaşamaq isə nəcib olmaq deməkdir. Deməli, nəcib insan odur ki, həm özünü, həm də bütün insanları düşünsün. Fərqlilik isə ondadır ki, nəcib insanlar reklamı sevmirlər. 

Əslində bir çox qaxlılar kimi mən də onunla yaxın ünsiyyətdə olmamışam. Amma… Onu axırda yazacağam, əziz oxucu!

Hamı bilir ki, mən heç vaxt sifarişli yazı yazmamışam. Damarıma düşən, ruhuma uyuşan əməllərin fonunda duyğuların axışına qələm çalmışam. Bu dəfə isə uzun illər susqunluğuna və passivliyinə görə qınanan Qaxın millət vəkili Azər Kərimli barədə söhbət açmaq istəyirəm. Daim reklamdan yan qaçan, dövlətçilik və Qax üçün etdikləri barədə heç bir yerdə sözü-söhbəti getməyən millət vəkili əslində isə heç də az iş görməyib, özü də humanist və diqqətcil insandır. Təbii ki, onun bu yazıdan xəbəri yoxdur. Olsaydı əminəm ki, təvazökarlıqdan izin verməzdi yazmağa….

Dünya fəlsəfəsinin istinad nöqtəsi olan məşhur Aristotel ədalətliliyi və nəcibliyi belə xarakterizə edirdi: “Ədalətli olmaq bərabərliyə can atmaq deməkdir. Ədalətlilik əslində bərabərliyin özüdür ki, var. Ədalət artıqla əskik arasında, çoxla az arasında olan bir ortadır”. Və ona görə mən də bu dəfə ədalətsiz davranmamaq qərarına gəldim. Çünki əlimdə yetərincə dəlil var. Belə ki, uzun illlərdir mətbuat sahəsindəyəm. Çox yerdə olur, çox insanlarla ünsiyyət qururam. Bu da imkan verir ki, doğru fikirdə olum. Mən uzun illərdir ki, xeyriyyə işləriylə məşğul olur, imkansız və kimsəsizlərin qayğısına qalmağa çalışıram. İllər əvvəl Qaxdan çox müraciətlər gəlirdi. Təbii ki, uzun illər kirayədə yaşayan, quru maaşla dolanan birinin zəngin ürəyindən başqa varı olmur. Ona görə də mən müraciətləri Qaxımızın imkanlı insanlarına ünvanlamışam ki, sıxıntılı insanlara kömək dursunlar. Sağ olsunlar, sözümü sayan da olub, vecinə almayan da. Amma nə zaman ki, Azər Kərimliyə ünvanlamışam, həmişə həmin insanlara yardım edib. Neçə illərdi Qax rayonundan olan Qarabağ qaziləri ilə tez-tez görüşürəm. Həmişə dillərində Azər Kərimlinin adı olub. Onlara diqqətindən, qayğısından danışıblar. Əslən Qaşqaçaydan olan, Qarabağda sağlamlığını itirib gələn Kənan Babayev deyir ki, “Millət vəkili Azər Kərimli həmişə bizi diqqətdə saxlayıb. Bizə kömək olub. Çox mehriban və humanist insandır!”.

O, həmişə qazilərin müalicəyə getməsinə, problemlərinə yardım göstərib. Bir neçə il əvvəl, Qax rayonunun Qum kəndindən olan Eldəniz Ehsanovun uşağının müalicəsi üçün maddi yardım lazım idi. Bizim redaksiyaya müraciət etmişdi. Köməkçisi Nadir Muxtarovla əlaqə saxlayıb, onu millət vəkilinin yanına göndərdik. Dərhal həmin ailəyə yardım edildi. Eləcə də, Qax rayon Almalı kəndindən olan İlqar Məmmədovun müalicəsi üçün Azər Kərimliyə müraciət olunmuş və müsbət cavab alınmışdı. Ona kim müraciət edibsə, tələbələrdən belə  bacardığı qədər  yardımçı olmağa çalışıb. Məsələ burasındadır ki, Azər Kərimli reklam olunmaq istəmədiyi üçün mətbuata özü barədə heç bir məlumat vermir. Yaxınları deyir ki, ona bu barədə sual verəndə “Mən Vətənimə, millətimə xidməti borc bilirəm. Reklamın nə mənası var? Kiməsə yardım edirəmsə, bu mənim daxili duyğularımdan doğan bir şeydir. Vətəndaş olaraq da Vətənə xidmət borcumdu!”.

Rəqib qüvvələrin onun barəsində hər səpgili yazılar yazıb, paylaşmasına baxmayaraq, millət vəkili səbrlə öz işini görür. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri olan Azər Kərimli konfranslarda erməni deputatlarını susdurmağı da bacarır.

Bu barədə özü danışmasa da, onunla birgə həmin konfranslarda olan millət vəkillərimiz və jurnalistlərimiz söhbət açır: “Azər Kərimli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü,  Azərbaycan- İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Estoniya, İspaniya, Peru, Portuqaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.  Həm də GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Bu qədər məsul olan biri əgər dövlət və milllət üçün yararsız olsaydı, onda yəqindir ki, onu o vəzifədə saxlamazdılar”.

 “Həftə içi” qəzetinin 20-22 oktyabr 2012-ci il buraxılışında baş verən təbii fəlakətdən reportaj hazırlayan, həmkarımız Pərvin İsmayılova yazır: “Qax rayonundan Milli Məclisə deputat seçilən Azər Kərimliyə ünvanlanan suallarımızı isə onun köməkçisi Nadir Muxtarov cavablandırır. Onun sözlərinə görə, bu həftə deputat sözügedən rayona baş çəkib seçiciləri ilə görüşüb. Qax rayonunda dağıntılar olmasa da, qəzalı vəziyyətdə olan evlərin sayı az deyil. Deputatları ilə görüşən seçicilər tərəfindən şifahi və yazılı müraciətlər də gün keçdikcə artmaqdadır. Seçicilərlə görüşlər davam edəcək. Qaxda da evlərin bərpası məsələsinə başlanılıb. Azər Kərimli Güllük, Zərnə, Tasmalı və Turaclı kəndlərindəki seçiciləri ilə də görüşüb”.

                  

Qeyd edək ki, həmin ərəfədə şimal-qərb zonasında güclü zəlzələ baş vermişdi.

Ümumiyyətlə, Azər Kərimlinin  Qax rayonunun bütün kəndlərində seçicilərlə görüşü olub, onların problemləri ilə maraqlanıb. Əlibəyli kəndinin abadlaşmasında geniş rolu olan millət vəkili, başqa kəndlərin də qaz, su, işıq problemlərinin həllinə çalışmış, kəndin abadlığına önəm vermişdir.

Estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amili olaraq səciyyələnən, istisnasız olaraq bütün həyat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edən məfhumunun fəlsəfi anlamını anlatmaq nə qədər də çətindir… İnsanlarda  qəribə xarakter formalaşıb. Əgər kimsə sənin dediyinlə razılaşsa, o yaxşı adamdı, yox əksidirsə, demək, pis adamdır. Amma düşünmürlər ki, dediklərinin tərkibində hansı neqativliklər var. Problemin qloballığı da bundadır. “Əgər səlahiyyətlidirsə, biz nə desək, o da olmalıdı!” –iddiası!

Aristotel deyir ki, özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır. Bu fikri özündə ehtiva edən millət vəkilimiz də həmişə reklamdan yan qaçdı. Çoxları onun susqun olduğunu, heç bir iş görmədiyini desə də, o, bir çoxlarından artıq iş görür. Əslində hər şey göründüyü, hər şey bilindiyi kimi deyil. Azər Kərimli barədə bir neçə millət vəkilinin fikrini öyrəndim. Qənaət bu oldu ki, Azər Kərimli dəyərli vətəndaş və yararlı millət vəkilidir. Adının çəkilməsini istəməyən, işgüzar, sevdiyim bir xanım millət vəkilimiz isə konkret olaraq gözəl bir fikir söylədi: “ Bu sorğunu yaxşı olar ki, Milli Məclisin İntizam Komissiyasının rəhbərinə ünvanlayasız. Çünki hər bir millət vəkili 40-45 min seçici tərəfindən seçilir. Bu səbəbdən də  hər bir millət vəkili öz fəaliyyətinə görə məsuliyyət daşıyır. Məsələyə birtərəfli qaydada yanaşmaq olmaz. Deputat var, danışmaqdan çox iş görür, seçicilərinin problemlərini həll edir. Deputat var, həm iş görür, həm də danışır.  Yəni, bunları ayırd etmək üçün ən düzgün ünvan İntizam Komissiyasıdır”.

Bəli, hər bir insanın əməlinin iki üzü var. Görünən və görünməyən üzü! Görünən ortalıqda, görünməyəni də biz araşdırıb ortaya çıxarırıq.

Bu günlərdə Azər müəllimdən daha bir xahişim olacaq. Qaxım və qaxlılarım üçün! Ümidvaram ki, yenə etiraz etməyəcək. Real faktdır ki, biz heç vaxt müsahib olmamışıq. Amma həmişə hörmətli yanaşmasını, bir qaxlıya məxsusi diqqətini görmüşəm. Yəqin ki, yaxınlarda müsahib olub, bir çox sualların cavabını da öyrənə biləcəyəm.

Xalq şairi Vaqif Səmədoğlu belə bir fikir yürüdür ki, həyat ana bətninin zülmətindən qəbrin zülmətinə qədərki yoldur. Bax, bir zülmətdən digərinə gedən bu yol bomboşdur. Hər kəs bu boşluğu öz istedadına, bacarığına görə doldura bilir. Təkcə taleyə bel bağlayıb oturmaq olmaz. Taleyinə nələrisə əlavə etməyi bacarmalısan! Mən gec də olsa, dəyərli millət vəkilimizə öz minnətdarlığımı bildirirəm! Diqqət və sayğı üçün!

 

Hörmət və ehtiramla,

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR