>
Haqqımızda Əlaqə

Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlbi aktuallaşır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Elman Məmmədov: “Prosesə yeni dövlətlərin cəlb edilməsilə burada fikir çoxluğu, fikir müxtəlifliyi olacaq” Elman Nəsirov: “Münaqişənin həllinə cəlb edilənlər arasında paritet əldə olunmalı, bir tərəfdə 4 xristiam ölkəsi olduğu kimi, digər tərəfdə də 4 müsəlman ölkəsi danışıqlar prosesində iştirak etməlidir”

Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru Jak Soppelsan bildirir ik, Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir.

Qeyd edək ki, münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu yaranandan üzü bəri müxtəlif səviyyələrdə Dağlıq Qarabağ konfliktinin həll prosesinə yeni dövlətlərin cəlb edilməsinin vacibliyi dəfələrlə dilə gətirilib. Bu istiqamətdə təkliflər həm azərbaycanlı ekspertlər, həm də əcnəbilər tərəfindən dəfələrlə səsləndirilib. Bəziləri prosesə Avropa İttifaqının, onun timsalında Almaniyanın cəlbini, digərləri isə Türkiyənin də burada yer almasını istəyib.

Aydın məsələdir ki, münaqişənin həlli prosesini öz üzərinə götürən ATƏT-in Minsk qruppu ötən illər ərzində missiyasının öhdəsindən gələ bilmədiyindən, onun dəyişdirilməsi, prosesə yeni dövlətlərin qatılması vacibliyi kim məsələlər də gündəmə gəlir.

Milli Məclisin deputatı Elman Məmmədov həll prosesinə yeni dövlətlərin cəlb edilməsinin nəinki mümkün, hətta vacib olduğunu bildirdi : “Təbii mümkündür. Uzun illərdir təkid edirəm ki, ATƏT üçlükdən ibarət olan və münaqişənin həlli prosesini üzərinə götürən dövlətlər artıq etimad limitlərini çoxdan başa vurublar. Minsk qrupunun həmsədr ölkələri özlərinin yarıtmaq fəaliyyəti, işğalçıya dəstək vermək, onun zurnasının çaldığına oynamaqla tam şəkildə etimadı itiriblər.

Tarix göstərdi ki, Minsk qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində heç nə etmək fikrində deyillər. Ona görə dəfələrlə təkid etmişəm ki, vasitəçilik mandatı ATƏT-dən alınaraq, ondan daha nüfuzlu və daha geniş səlahiyyətə malik BMT Təhlükəsizlik Şurasına verilsin. İkinci bir tərəfdən, ATƏT-in Minsk qrupu təkcə üç dövlətdən ibarət deyil. Burada 10-dan çox dövlət təmsil olunub. Təbii ki, bu dövlətlərin heç də hamısı  həmsədr dövlətlərin dediyilə oturub durmayacaq. Onların da öz fikri olacaq, müstəqil mövqe ortaya qoyacaqlar. Həmsədr ölkələr isə dünyanın ən güclü dövlətləridir və bu mənada istəsələr, münaqişəni qısa zamanda həll edərlər. Ancaq görünən odur ki, istəməyiblər, bu gün də istəmirlər. Yalandan bölgəyə səfər etməklə, görüşlər keçirməklə vaxt uzadır, aldadırlar. Bildirirlər ki, tərəflər öz aralarında razılığa gəlsinlər. Bu isə təbii ki, nağıldır. Ona görə də vaxtilə münaqişənin həlli prosesinə yeni dövlətlərin cəlb edilməsi fikrini səsləndirənlərdən biri olaraq,  yenə də həmin fikrimin üzərində dayanıram. Prosesə yeni dövlətlərin cəlb edilməsilə burada fikir çoxluğu, fikir müxtəlifliyi olacaq. Yəni yeni gələcək dövlətlərin hamısı 3 həmsədr ölkə kimi Ermənistanın işğalçılıq siyasətini dəstəkləməyəcək ki? Həmsədr ölkələr isə uzun illərdir Ermənistana maliyyə yardımı göstərir, silah-sursat verir, siyasi-diplomatik dəstək göstərirlər. Status-kvonun saxlanılmasında özlərini razı olmayan kimi göstərsələr də, əslində Ermənistanın mövqeyinə dəstək olurlar. Razılaşmasalardı ki, Ermənistan kimi işğalçı dövləti bir saat içərisində işğal etdiyi torpaqlarna çıxmağa məcbur edə bilərlər. Əksinə, Azərbaycandan tələb edirlər ki, Ermənistanla təzyiq dililə danışmayın. Belədə, həmsədr ölkələrin hamısı işğalçını dəstəkləməkdə davam edir. Ona görə də yenilərilə,  daha obyektiv mövqe tutanlarla əvəzlənməlidirlər”.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov həll prosesində paritetliyin təmin edilməsi, prosesə müsəlman ölkələrinin də cəlbini vacib bildi: “Qarabağ münaqişəsinin həllinə yeni dövlətlərin cəlb edilməsi kimi təkliflər heç də yeni mövqe deyil. Dəfələrlə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ konfliktinin həlli öhədsindən gələ bilməməsi faktı ən yüksək səviyyələrdə qeyd olunub.

Artıq ATƏT-in Minsk qrupunun yaranmasından 26 il vaxt keçib, amma hələ də münaqişə həllini tapmayıb. Belə olan halda, ara-sıra bu formata dəyişikliklər və əlavələrin edilməsi kimi məsələlər də gündəmə gəlir. Hətta Fransanın həmsədr olaraq Avropa İttifaqı ilə əvəzlənməsi kimi mövqelər səslənib. Hesab edirəm ki, bu istiqamətdə də ilk növbədə paritet gözlənilməlidir. Fikir vermisinizsə, münaqişənin həlli missiyasını üzərinə götürən hər 3 həmsədr ölkə xristian ölkəsidir. İşğalçı  Ermənistan da xristian ölkəsidir. Təcavüzə məruz qalan Azərbaycan isə müsəlman ölkəsidir. Belə olan nisbətdə faktiki olaraq, 4-ün 1-ə nisbətdə münaqişənin həllindən söhbət edirik. Bu da hansı ki, heç bir nəticə vermir. Ona görə də paritet əldə edilməlidir. Bir tərəfdə 4 xristiam ölkəsi olduğu kimi, digər tərəfdə də 4 müsəlman ölkəsi danışıqlar prosesində iştirak etməlidir.  Yəni, Azərbaycanla yanaşı. prosesə Türkiyə, Pakistan, Qazaxıstan da qatıla bilər.  Belə olan halda dördün dördə nisbəti əmələ gələcək.

Hesab edirəm ki, bu format daha səmərəli olacaq. Bu, həm də sivilizasiyalararası dialoq mühiti baxımından da əhəmiyyətlidir. Düşünürəm ki, məhz belə bir yanaşma münaqişənin həlli üçün yeni imkanlar aça bilər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR