>
Haqqımızda Əlaqə

Multikulturalizm nədir?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Multikulturalizm nədir? Çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. “Multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. O, anglo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan götürülməsində çox səy göstərmişdir. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaratdı. Bu, Avstraliya dövlətinin immiqrasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların göstəricisidir. Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanınmışdır. Əlverişli coğrafi şəraiti, təbii imkanlar, münbit və bərəkətli torpaq, ən əsası isə, Azərbaycan xalqının səmimiyyəti, xoşniyyətlik və mehribançılığı burada ayrı-ayrı etnosların birlikdə yaşamasını şərtləndirmişdir. Bu birgəlik tarixdən bu günümüzə genişlənərək heç kimsənin milli-mənəvi baxımdan assimilyasiyası ilə nəticələnməmiş, əksinə, dini və milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs mövcud mədəni zənginlikdən bəhrələnmişdir. Multikulturalizm qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda milli adət-ənənələrin tərkib hissəsi olmaqla, ailə-məişət məsələlərindən tutmuş, dövlət idarəçiliyinədək müxtəlif sahələri əhatə etməklə uzun bir inkişaf yolu keçmişdir. XV əsrdə dövlətimizin tarixində mühüm rol oynamış Ağqoyunlular İmperatorluğunun hökmdarı Uzun Həsən islama ibadət edən, türksoylu bir dövlət başçısı olmasına baxmayaraq, xristian əsilli Trabzon imperatorunun qızı Teodra xanımla (ailə qurduqdan sonra Dəspinə xatun kimi tanınmışdır) ailə qurmuşdur. Bu öz dövrünə görə ən ali səviyyədə multikulturalizmin ailə-məişət səviyyəsində belə sirayət etməsinin göstəricisidir. Azərbaycanın tarixində çox mühüm rol oynamış Səfəvilər İmperatorluğunun əsasını qoyan Şah İsmayıl Xətainin dönəmində dövlətin idarə olunmasında mühüm rol oynamış 74 nəfər saray əyanından 69 nəfəri Azərbaycanlı, 5 nəfəri isə imperiya ərazisində yaşayan digər xalqların nümayəndələri olmuşlar. Bu faktın özü multikultural dəyərlərin hətta dövlətçilik-idarəetmə sisteminə belə sirayət etməsindən xəbər verir. Ən yaxın tarixə – XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərə nəzər salsaq, digər millətlərin, xalqların nümayəndələrinə ən yüksək səviyyədə yanaşma tərzinin şahidi olarıq. 1918-ci ilin mart ayında ermənilər tərəfindən xalqımıza qarşı məqsədli şəkildə həyata keçirilən soyqırım siyasətinə baxmayaraq, o dövrdə Parlamentdə 21 nəfərin erməniləri, 10 nəfərin rusları, 1 nəfərin almanları, 1 nəfərin yəhudiləri təmsil etmələri nəzərdə tutulmuşdu. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər. 70 il Sovet hakimiyyətinin əsarəti altında yaşadığımız dövrdə də xalqımız digər milli-mənəvi dəyərlərimiz kimi multikultural dəyərlərimizi də qoruyub yaşadaraq, müstəqilliyimiz dövrünə gətirib çıxara bildi. Dövlətimiz müstəqilliyini qazandığı dövrdən multikultural dəyərlər özünün ən yüksək zirvəsini Azərbaycan Respublikasının Konstitusiyasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında qəbul olunmasıyla fəth etmiş oldu. Ölkə əhalisinin təxminən 96 faizinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, konstitusiyamızda İslam dininin rəsmi dövlət dini səviyyəsində təsbit olunmamağı, əksinə konstitusiyamızda dinin dövlətdən ayrı olmağı, bütün dini etiqadların qanun qarşısında bərabərliyi, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığının elan olunması, bərabərlik hüququnun, fikir və söz azadlığının, vicdan azadlığının, sərbəst toplaşmaq azadlığının təsbit olunması dövlətimizin ölkə ərazisində yaşayan digər dini etiqad nümayəndələrinə də hansı səviyyədə yanaşmasının, əslində multikultural dəyərlərin təzahürü oldu. Ölkə əhalisinin əksəriyyətinin türkdilli əhali olmağına baxmayaraq Konstitusiyamızda dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması konstitusiyamızda əksini tapan multikultural dəyərlərin ən alisi oldu. Konstitusiyamızın qəbul olunmasından ötən müddət ərzində multikultural ənənələrə sadiqlik Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən və bu gün də onun layiqli davamçısı Ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən əməli işlərlə həyata keçirilir. Ölkəmiz bu gün də güclü tarixi bünövrəsi olan İslam Əməkdaşlıq Təşkilatının və Avropa strukturlarının üzvü olan Azərbaycan Respublikası mədəniyyət, din və sivilizasiyaların dialoqunun inkişaf etdirilməsinə yönəlmiş mühüm layihələrin, qlobal təşəbbüslərin, beynəlxalq forumların həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı Qlobal Forumu artıq ənənə halını almışdır. Ötən il ölkəmiz həmin təcrübəni daha bir dünya miqyaslı tədbirlə zənginləşdirdi –Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirildi. Bu barədə qərar 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyasında qəbul olunmuşdur ki, bu da dünya birliyinin bizə yüksək etimadı, ölkəmizdəki multikultural mühitə münasibətinin göstəricisidir. Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dialoqdur. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab və xoşniyyətli olan Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapmışdır. Bu gün dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlməsi təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Ölkəmizdə mövcud olan multikulturalizm dəyərlərinin qaynağı da bu qatdadır. Azərbaycan xalqının mənəviyyatında hər zaman aparıcı olmuş tolerantlıq mühiti XX əsrin əvvəlində milli dəyərləri saxlamaqla modernləşmə xətti seçmiş ziyalı fikrimizin məhək daşı olmuşdur. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü idi. Müsəlman dünyasında ilk parlamentli respublika yaradan Azərbaycan xalqı bununla əsrlərin ziddiyyət girdabında olan Qərb-Şərq münasibətlərinə yeni tarixi örnək vermiş oldu. “Cümhuriyyəti yaratmaq üçün Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Avropada təhsil almış, dünya mədəniyyətini mənimsəmiş insanlar idilər. Onlar milli şüurun oyanmasına, milliliyin yüksəlməsinə böyük xidmətlər etmişlər” – Ulu öndər Heydər Əliyev Cümhuriyyət qurucularını minnətdarlıq hissi ilə yad edərkən bu fikri xüsusi vurğulamışdı. Ulu öndərin ümumdövlət məfkurəsi səviyyəsinə yüksəltdiyi azərbaycançılıq ideyası da mahiyyət etibarilə milliliyin və bəşəriliyin təcəssümüdür. Bu ideya heç bir halda milli təcridolunmanı təlqin etmir, o, təkcə milli kimliyin ifadəsi, xalqın mənəvi irsinə hörmət, onun təbliği və tərənnümü demək deyil, eyni zamanda dünya irsinə, ümumbəşəri dəyərlərə açıqdır. O deyirdi: “Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik”. Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkəmizdəki bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycandakı polietnik zənginliyi, mədəni müxtəlifliyi özündə ehtiva edən azərbaycançılıq ideyası şovinist, monoetnik Ermənistanla apardığımız informasiya savaşında bizim güclü təbliğat silahımızdır. Ksenofobiya və özünütəcrid üzərində köklənən ermənilik ideologiyasının tam əksinə azərbaycançılıq mütərəqqi bəşəri dəyərləri təcəssüm etdirən vətənpərvərlik məfkurəsidir. Onun kökündə başqa xalqlarla sülh içində yaşamaq fəlsəfəsi dayanır. Bu, ölkəmizdəki müxtəlifliyi, fərqlilikləri ayrılıq deyil, zənginlik olaraq görən, müasir dünyanı təhdid edən etnik, dini zəminli ayrı-seçkiliyə qarşı Azərbaycan nümunəsidir. Bu gün tarixin elə bir məqamına yetişmişik ki, dünyanın sürətlə dəyişən hadisələrini çox zaman əvvəlcədən proqnozlaşdırmaq və qiymətləndirmək o qədər də asan olmur. Bunun səbəbi isə milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Bu zəmində münaqişələr dəhşətli nəticələrə gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir. Bəşər tarixi minilliklər boyu saysız-hesabsız müharibələrin şahididir. Amma dünya nə qazanıbsa, mədəniyyətdən qazanıb. Dünyamızın gələcəyi də mədəniyyətlərin dialoqundan, ünsiyyət və anlaşmadan, fərqliliklərimizi ayrılıq deyil, zənginlik kimi görmək bacarığımızdan çox asılıdır. Bütün dünyanın yüksək səviyyədə qəbul etdiyi Multikulturalizmin Azərbaycan modeli hal-hazırda da özünün inkişaf dövrünü yaşamaqdadır. Əminəm ki, Azərbaycan dövləti olaraq, bütün dünyaya təlqin etdiyimiz Multikulturalizm və tolerantlıq ənənələri dünya ölkələrinə öz töhfəsini verəcək və dünya poeziyasının günəşi Nizami Gəncəvinin bəşəri çağırış etdiyi kimi Səadət günəşi birlikdən doğacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının I kurs magistr tələbəsi Elşən
Vəliqulu oğlu Quluyev

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR