>
Haqqımızda Əlaqə

Habil Abbasov: ”Mükəmməl insan ehtiram, etimad və etibarı özündə birləşdirə bilən insandır!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Bəzən insan həyatda elə təsadüflərlə rastlaşır ki, böyük təəsüf hissi keçirir və o anın heç olmamasını arzulayır. Bəzən də elə anlar olur ki, insan onun təkrar-təkrar yaşanmasını istəyir. Hər kəs əxlaqına görə hərəkət edir. Dahilər insan anlayışını araşdırarkən gəldikləri nəticə budur ki, insan ola biləni, onun fitrətində mütləq ilahi kamala nail olmaq üçün istedadların qoyulmuş olduğu və onlardan düzgün şəkildə istifadə edəcəyi təqdirdə həqiqi kamal və səadətə nail olanıdır. Belə insanlar mükəmməl insanlardır. Adətən biz müsahibə üçün yaxınlaşdığımız insanların mükəmməl, anlayışlı və möhkəm xarakterli olmasını istəyirik. Çünki mükəmməl insanın verdiyi müsahibə də mükəmməl olaraq oxucuya yararlıdır. Bu dəfəki müsahibim də belə insanlardan biri, Ağdam Pambıq Zavodunun direktoru Habil Abbasovdur.

Xoş gördük, Habil müəllim. Bu gün sizin kimi Vətən oğulları cəbhəyanı zonada kənd təsərrüfatını inkişaf etdirməklə düşmənə meydan oxuyur. Kimdir Habil Abbasov? Tanıdaq..

Hər şey yurd sevgisinə bağlıdır. Yurda, insanlara, vətənə, ailəyə, dostlara və işinə olan sevgi nəticəsində hər şeyə nail olmaq olur. Sevgi varsa,  mənfilərdə də müsbət nələrisə görə bilirik. Çünki sevgi ürəyə bağlı olduğu üçün ürəkli ola bilirik. Ürəkli olduğumuz zaman isə, bizim işlərimiz daha yaxşı, sistemli gedir. Biz heç nədən qorxmuruq. Düşmənin bərbad etdiyini biz tezliklə abad edə bilirik. Mən Abbasov Habil Adil oğlu 1966-cı ildə Ağdamda anadan olmuşam. Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakultəsini bitirmişəm. Sovetlər dönəmində İslahat Komissiyasının sədri, bələdiyyə sədri, Aqrolizinq ASC Ağdam rayon bölməsinin rəhbəri vəzifələrində çalışmışam. İndi isə möhtərəm prezidentimizin pambıqçılığın inkişafına diqqət ayırdıqdan sonra öz ixtisasım üzrə, yəni pambıqçılıq sahəsi üzrə işləyirəm.

Kənd təsərrüfatının inkişafı Ağdamda hansı səviyyədədir?

Ağdamda ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı üçün geniş imkanlar var. Hazırda respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət göstərilir və görülən işlər dövlət tərəfindən dəstəklənir. Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olublar. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Bu gün də möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısının təzahürüdür ki, pambıqçılıq sürətlə inkişaf edir. Regionların inkişafı üçün görülən işlər öz müsbət nəticələrini göstərir. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət proqramlarının uğurlu icrasının nəticəsi Ağdam rayonunda da özünü açıq-aşkar göstərməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursunun təməl prinsipini ölkənin iqtisadi imkanlarının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilib.

Pambıqçılığın yenidən inkişafı bizə nələr vəd edir?

Bu gün əhalinin çox hissəsi pambıq əkini ilə məşğuldur. Özüm 100 ha sahədə pambıq əkmişəm. 28 sentner  məhsul götürmüşəm. Məhsulumuz boldu sahələrdə. Ümumiyyətlə, 280 hektar sahədə pambıq əkmişik. Pambığı əvvəllər Tərtər zavoduna təhvil verirdik. Özümüzün ərazimizdə pambıq zavodu olub. Pambıqçılığın inkişafı dayandığı, pambıqçılıq təsərrüfatından ayrıldığımız üçün zavod yararsız hala düşmüşdü. Ancaq MTK şirkəti bu şirkəti aldı və zavodu müasir standartlara uyğun şəkildə istifadəyə verdi.   1280 hektar ərazidə pambıq əkdik. Və böyük əhali kütləsini işlə təmin etdik. Hal-hazırda zavodumuzda 128 nəfər  işlə təmin olunub. Əhaliyə xidmət göstəririk və eləcə də emal seximiz də var. Artıq 2100 ton pambıq qəbul etmişik. Yaxın günlərdə prezidentimizin qoyduğu hədəfi , 20 sentneri haqlayacağıq. Ötən il rayon ərazisində 390 hektarda pambıq əkilmişdisə, bu il 3005 hektarda pambıq becərilib. Ağdam rayon İcra hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun da bu sahəyə xüsusi diqqət və qayğısı var. Fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şəraitin yaradılmasını təmin etməyə çalışır.  Prezident İlham Əliyevin tövsiyyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərini diqqətdə saxlamağa çalışır. Pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək istehsalçıları daha da ruhlandırıb, cari ildə onlarda pambıq əkininə olan marağı daha da artırıb.

 -Uzun illərdir ki, ömrünüzü xalqa, Vətənə xidmətə həsr etmisiz. Uğurlarınız bol olub. Sizin gözünüzdə uğur nədir?

Mənim fikrimcə uğur heç bir şəkildə proses deyil. Uğur, sadəcə nəticədir, hədəfdir. Buna nail olmaq üçün əzmkar olmaq lazımdır. Necə deyərlər, uğur- həyat layihəsinin elmidir. Nail olmaq isə insanın iradəsinə bağlıdır.

Sizcə mükəmməl insan necə olmalıdır?

Mənim fikrimcə mükəmməl insan ehtiram, etimad və etibarı özündə birləşdirə bilən insandır. Olduqca ağıllı, vicdanlı, mərhəmətli, həlim, gözəl sözlü, gözəl üslublu olsun, xırdalıqları görə bilsin, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin. Üstünlüyü özünə deyil, qarşısındakına versin. İnsanların xoşbəxtliyini, rahatlığını, arzu və istəklərini özününkü kimi vacib görsün.

İş şəraitində motivasiya və əmək etikası vacib şərtlərdəndir. Baxışların dəyişdiyi, aqressiyanın artdığı bir cəmiyyətdə çətin deyil ki sizə?

(gülümsəyir). Səbirli insan olduğum üçün o qədər də yox. Mən işimi sevirəm və işə sayğı ilə yanaşanları da sevirəm. Məni motivasiya edən bəlkə də budur. Etiraf edim, bəzən olub əsəblərim son həddə qədər gərginləşib. Amma buna rəğmən yenə də səbrimi zorlamışam. Həmişə yaxşılığa doğru yeni hədəf axtarmışam. Və nail olduğum zaman özümü xoşbəxt hiss etmişəm. Eləcə də əmək etikası. Bəziləri çox zaman bu nüansa önəm vermirlər. Amma ən vacib olan amillərdən biri də budur. Rəhbər nə qədər sadə və səmimi olsa işçi də ona qarşı o qədər sayğılı olur. İnsan üçün, yaşam üçün davranış mədəniyyəti önəm kəsb edir.

Mütaliəni sevirsizmi?

Əlbəttə. Böyük ingilis filosofu Bekon deyir ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmisidir. Bizim dövrümüzdə mütaliə həyatımızın bir parçası idi. Mütaliəsizlik şikəstlik kimi gəlirdi bizə. Mütaliə insanı kamilləşdirir, biliyini artırır, duyğularını formalaşdırır.

Həyatda ən böyük nailiyyətiniz nədir?

Səbrim.

Sonda arzularınızı eşitmək xoş olar..

Yurdu düşmən tapdağında olan bir insan nə arzulaya bilər? Yurdunun işğaldan azad olumasını, xalqının rifahını, Vətəninin gündən-günə abadlaşmasını. Və sizə də yaradıcılıq uğurları!

Maraqlı söhbətə görə minnətdarıq, Habil müəllim. Biz də Qarabağımızın, Ağdamımızın tezliklə azad olub, bütün pambıq tarlalarında əməyinizi görmək arzusuyla ayrılırıq sizdən!

Amin! Çox sağ olun!

         

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR