>
Haqqımızda Əlaqə

Azərbaycan yeni dönəmdə: Mehriban Əliyeva ilə başlayan islahat – Şərh

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ötən il sentyabrın 26-da keçirilmiş Referendumdan sonra Azərbaycanda həm mahiyyət, həm də xaraktercə yeni bir dönəm başlayacağı gözlənilən idi.

Ölkədə aparılan Konstitusiya islahatları sözsüz ki, yeni dövrün tələblərindən irəli gəlirdi və bu tələblərin qısa müddət ərzində reallaşdırılacağı şübhə doğurmurdu. Artıq bütün təhlillər göstərirdi ki, ölkədə daha təkmil və çevik idarəetmə sisteminin yaradılmasına ehtiyac var. Məhz bu ehtiyaca esaslanaraq məxsusi olaraq Prezidentə daha effektiv və daha səmərəli xidmət etməyə imkan verən idarəetmə aparatının formalaşdırılmasına hədəflənmiş Konstitusiya dəyişiklikləri reallaşdırıldı. Bu, yeni mərhələnin ilk və uğurlu addım idi…

Ən yaxın adam!

Konstitusiya dəyişikliklərindən sonra islahat proqramının təcrübəyə yönəldilməsi prosesi özünü çox gözlətmədi. Artıq cəmiyyətdə də yeni çağırışlar formalaşmışdı və hamının diqqəti bir ismin ətrafında fokuslaşmışdı. Azərbaycan vətəndaşları yeni dövrün ən başlıca tələblərindən biri kimi özünü yüksək potensiala malik idarəçi və təşkilatçı kimi təsdiqləmiş, fəaliyyətini qlobal miqyasadək genişləndirərək Azərbaycanı yorulmadan təbliğ edən və ən əsası xalqın etimad mənbəyinə çevrilmiş Mehriban Əliyevanın yüksək dövlət postuna təyin olunmasını görürdülər. Nəhayət hər kəsin gözlədiyi baş berdi və Mehriban Əliyeva – Azərbaycan Prezidentinin ƏN YAXIN ADAMI yeni təsis olunmuş Birinci Vitse-Prezident postuna təyinat aldı. Təsadüfi deyildi ki, bu təyinat cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılandı. Azərbaycanda ilk dəfə idi ki, vətəndaşlar kadr təyinatına yüksək həssaslıqla yanaşaraq Prezidentin bu xüsusdakı sərəncamına açıq münasibət bildirirdilər. Yəqin xatırlayırsınız: Paytaxt Bakıda, eləcə də Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən sorğularda fəal iştirak edən vətəndaşlarımız bu təyinatı birmənalı şəkildə dəstəkləyib, cənab Prezident İlham Əliyevin olduqca dəqiq addım atdığını bildirdilər. İnsanlarımız bu təyinatı gözlə görünən sevinc hissi ilə qarşıladılar və bu hala Azərbaycanda doğrudan da ilk dəfə idi ki, rast gəlinirdi…

İlham Əliyevin yazdığı tarix

Artıq şübhə doğurmurdu ki, Mehriban Əliyevanın adı ilə başlayan islahat proqramı uğurlu gedişatı ilə yadda qalacaq. Hamı Azərbaycanın yeni bir dönəmə qədəm qoyduğunu və ölkədə yeni bir ab-havanın yarandığını hiss edirdi… Gözləntilər isə sözsüz ki, birinci növbədə idarəetmə sistemini əhatə edirdi və bütün hesablamalar və müşahidələr göstərirdi ki, cənab Prezident yeni dönəmin zəruri etdiyi daha dərin struktur dəyişikliklərini və ona daha çevik xidmət göstərəcək aparatın formalaşdırılması prosesini də ləngitməyəcək. Ümumiyyətlə, açıq etiraf etmək lazımdır ki, İlham Əliyev qarşıdakı mərhələlərin özəlliyini və xüsusuiyyətlərini dəqiq müəyyən etməyi bacaran, emosiyadan uzaq soyuqqanlı təhlillərə söykənən davranışılara üstünlük verən, atdığı addımların doğuracağı reaksiyaları əvvəlcədən dəqiqliklə hesablamaq qabiliyyətinə malik proqmatik bir liderdir və məhz bu keyfiyyətlərinə görə də onun iradəsindən irəli gələrək həyata keçirilən bütün tədbirlər özünün effektivliyi ilə yadda qalır. İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü strategiya nəticəsində Azərbaycan müstəqil siyasət yürüdən, dayanıqlı iqtisadi sistemə malik, dinamik inkişaf yolunda möhkəmlənən bir ölkəyə çevrilib. İlham Əliyev Azərbaycanda sözün həqiqi mənasında tarix yazır və atdığı hər bir addımla xalqın ona olan inamını daha da möhkəmləndirir.

Dəqiq hesablanmış addım

Qayıdaq islahatlara. Mehriban Əliyevanın Birinci Vitse-Prezident postuna təyinatı ilə uğurlu təməli qoyulmuş islahatlar proqramı Prezident Adminstrasiyada struktur dəyişiklikləri ilə davam etdirildi. Prezident Administrasiyasında mövcud olan müxtəlif vəzifə təsnifatları azaldıldı, effektiv koordinasiya mexanizmi qoruldu, daha geniş spektrli Prezident köməkçiləri strukturu formalaşdırıldı və çağdaş dövrün tələblərinə cavab verən yeni şöbələr yaradıldı və bununla da Azərbaycanda çox optimal idarəetmə formatı ərsəyə gətirildi. Prezident Adminstrasiyasındakı dəyişikliklərin ardınca prosesin mahiyyəti ən yüksək səviyyələrdə şərh olundu: “Bu dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini; həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsini; qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyinə, cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasını nəzərdə tutur”. Bax, daha sürətli inkişafa aparan yol da elə bu sadalanan istiqamətlərdən başlayır. Təsadüfi deyil ki, cənab Prezident kardinal dəyişikliklərə dövlət idarəçilik sisteminin beyni hesab olunan strukturdan – Prezident Adminstrasiyasından başladı. Demək ki, hər şey həmişə olduğu kimi dəqiq ölçülüb, dəqiq hesablanıb!

Dövlətə inam və Dövlətin inamı

Şübhəsiz ki, ishalatlar proqramı hələ yekunlaşmayıb. Qarşıdakı mərəhələlərdə biz çevik və effektiv idarəetmə ehtiyacının ödənilməsinə xidmət edən yeni-yeni təyiantların, struktur dəyişikliklərinin şahidi olacağıq. İndi bizim hər birimizin qarşısında Azərbaycanı daha güclü və daha firəvan ölkəyə çevirmək üçün yeni imkanlar yaranıb. Təşəbbüskarlıq göstərməli, yeni ideyalar və təkliflərlə çıxış etməliyik. Yeni dönəmin əsas tələblərindən biri də məhz gənclərin təşəbbüskarlığının artırılmasıdır. Biz Dövlətimizə güvəndiyimiz kimi, Dövlət də bizə inanır. Gərəkdir ki, bu inamı doğruldaq, dövlətimizin və Prezidentimizin bizdən gözlədiyi fəaliyyəti əsirgəməyək. Dünyanın qan ağladığı və artıq Avropanın da terror burulğanında çalxalandığı bir vaxtda sabit və göz oxşayan, dayanıqlı ictimai-siyasi həyatı ilə fərqlənən bir ölkədə yaşamağımızdan qürur duymalı, bu səadəti bizə bəxş edənlərə dəstək verməliyik ki, Azərbaycanı daha güclü və daha xoşbəxt ölkəyə çevirə bilsinlər.

Ramin Əhmədov

“Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR